Rusiya ABŞ-ın raket hədəsinə cavab verdi
ABŞ-ın NATO-dakı naimi nümayəndəsi Key Beyli Xatçisonun Rusiya raketlərini vurma imkanları barədə dedikləri aqressiv ritorikadır. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
«Belə qənaət yaranıb ki, bu cür bəyanatlar verən insanlar öz məsuliyyətlərini və aqressiv ritorikanın təhlükəsini dərk etmirlər. Kim bu xanıma səlahiyyət verib ki, belə bəyanatlarla çıxış edir? Amerika xalqı? ABŞ sakinlərinin məlumatı varmı ki, onların ciblərindən maaşları ödənən «diplomatlar» özlərini aqressiv və destruktiv aparırlar», - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə hər şeyi sındırıb-dağıtmaq asandır, bərpa etmək isə çətin.
«Amerika diplomatiyası öz səhvlərini düzəltmək üçün çox şey etməlidir», - deyə XİN nümayəndəsi vurğulayıb və bildirib ki, rusiyalı hərbi ekspertlər təfərrüatlı cavab verəcəklər.
Xatırladaq ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison ABŞ-ın “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan istənilən Rusiya raketini məhv etməyə hazır olduğunu bildirmişdi. O bəyan etmişdi ki, əgər Moskva gizli şəkildə qadağan olunmuş qanadlı raket sistemlərini hazırlasa, Vaşinqton həmin silahları tətbiqə başlamazdan əvvəl vuracaq.
Onun sözlərinə görə, ABŞ Rusiyanın razılaşmanı pozduğunu bilir və sübutlar da var.










