Trampın BMT-də görüş qrafiki açıqlanıb

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası ərəfəsində Cənubi Koreya, Yaponiya, Misir, İsrail, Fransa və Britaniyanın başçıları ilə görüşəcək.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Bildirilir ki, Tramp 25 sentyabrda BMT Baş Assambleyasının iclasında çıxış edəcək. Həmçinin BMTrəhbəri Antonio Quterreşlə danışıqlar aparacaq.
Ertəsi gün Amerika lideri BMT Təhlükəsizlik Şurasında kütləvi qırğın silahlarının yayılmaması mövzusunda çıxış edəcək.
ABŞ-ın BMT daimi nümayəndəsi Nik Heyli isə açıqlamasında bildirib ki, İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində Trampla görüş tələb edib.
Bundan əvvəl isə İran prezidenti Vaşinqtonun ikitərəfli danışıqlara başlama tələbi ilə bağlı Tehrana siqnallar göndərməyi dayandırmadığını söyləyib.