Venesuela çevriliş planı iddiası ilə bağlı ABŞ-ı ittiham etdi

Venesuela xarici işlər naziri Corc Arreaza "Nyu York Tayms" qəzetində dünən dərc edilən və ABŞ rəhbərliyinin Venesuelada ordu daxilində bəzi üsyançı əsgərlərlə gizli çevriliş danışıqları aparıldığının yazıldığı xəbərdən sonra tvitter hesabından bəyanat verib.
Arreaza açıqlamasında, "ABŞ rəhbərliyinin Venesuelaya qarşı müdaxilə planlarını və hərbi sui-qəsdçilərə verdiyi dəstəyi açıq şəkildə pisləyirik", - deyə bildirib.
Digər tərəfdən, məsələ ilə bağlı AA müxbirinin sualına cavab verən Ağ Ev Milli Təhlükəsizlik Şurasının (NSC) sözçüsü Qaret Marquis isə həmin çevriliş planı iddialarını birbaşa rədd etməyib.
Venesuelada demokratiya barədə danışan Marquis, "ABŞ-ın sülh, qaydalar daxilində demokratiyaya qayıtması istiqamətindəki siyasəti dəyişməyib", - söyləyib.
Venesuela xalqının demokratiya çağırışlarına qulaq verməyə davam edəcəklərini vurğulayan Marqius, "Venesuelada pisləşən vəziyyətin tam həlli, ancaq demokratik prinsiplərə uyğun hakimiyyətin, qanunun aliliyinin və əsas hüquq və azadlıqlara hörmətin yenidən bərpa edilməsi ilə mümkündür", - deyə bildirib.
Qeyd edək ki, təkcə Venesuela yox, dünyanın istənilən bir nöqtəsində ABŞ siyasətlərinə riayət etməyən hakimiyyətlər "diktatura rejimi" adlandırılır və həmin ölkədə demokratiyanın, insan haqlarının olmadığı tirajlanır. Amerikanın "demokratiya", "insan haqları" ilə girdiyi Əfqanıstan, İraq nümunəsi göz qabağındadır. Son olaraq bir neçə milyonluq Fələstin xalqının haqları tapdalanaraq onların varlığı yox sayıldı, torpaqlarının işğalına göz yumuşdu.