Tramp indi də Kanadanı təhdid etdi

ABŞ prezidenti Donald Tramp Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah ilə Ağ Evdə keçirdiyi görüşdə kimyəvi silah hücumundan sonra Bəşşar Əsədin öldürülməsini istədiyi istiqamətindəki yazılanlara cavab verib.
ikitərəfli görüşdən əvvəl mətbuat nümayəndələrinin gündəmə dair sualları cavablandıran tərəflər ölkələr arasında hərbi, ticari və iqtisadi əlaqələr, həmçinin Yəmən, Suriya və Fələstindəki son durum da daxil regional proseslərin müzakirə edildiyini vurğulayıblar.
Yəməndəki vəziyyətin olduqca pis olduğunu deyən Tramp, "Orta Şərqdə bir çox yer faciəli vəziyyətdədir. Oradakı durumlar kompleks bir tapmaca kimidir", - söyləyib.
Tramp məşhur jurnalist Bob Vudvordun onun hakimiyyəti haqqında yazdığı kitaba dair bir suala cavab verərkən, "Bu tamamilə uydurma bir kitabdır. Vudvordun keçmişinə nəzər salsanız, digər rəhbərlərlə da problem yaşadığını görəcəksiniz", - deyə bildirib.
Kitabda kimyəvi silah hücumundan sonra Suriya prezidenti Bəşşar Əsədin öldürülməsini istədiyi istiqamətində yer alan məqam barədə sualı da cavablandıran Tramp, "Belə bir şey demədim. Bu kitab uydurmalardan ibarətdir. Belə bir şey heç vaxt müzakirə olunmayıb", - deyib.
Küveyt əmiri Şeyx Sabah isə Körfəz böhranının həlli məsələsində ABŞ ilə yaxından əməkdaşlıq etdiklərini deyərək, böhrana ən qısa zamanda həll olmasına ümid etdiklərini bildirib.
Küveyt Əmiri həmçinin Fələstinlə bağlı məsələlərdə ABŞ-ın ortaya qoyduğu regional sülh səylərini təqdir etdiklərini də deyib.
Tramp Küveyt əmiri Şeyx Sabah ilə görüşdən əvvəl Oval Ofisdə mətbuat nümayəndələrinə gündəmə dair açıqlamalar verib.
ABŞ və Kanada nümayəndə heyətləri arasında başlayan ticarət danışıqlarının "gərgin" keçdiyini deyən Tramp, ölkəsinin Kanada ilə müqavilə bağlanmaması vəziyyətində zərər görməyəcəyini söyləyib.
Kanadanın isə razılığa gəlməsə, çox şey itirəcəyini vurğulayan Tramp, "əgər müzakirələr işə yaramasa, bu bizim ölkəmiz üçün yaxşı olacaq, amma Kanada üçün yox", - deyə təhdid xarakterli açıqlama səsləndirib.
ABŞ, Kanada və Meksika arasında 24 il əvvəl qüvvəyə minən Şimali Amerika Azad Ticarət Müqaviləsini (NAFTA) bir daha "çox axmaq müqavilə" kimi qiymətləndirən Tramp, keçən il yenidən müzakirəyə çıxardığı müqavilənin yeni mətninin Kanadanı əhatə etməməsinin mümkün olduğunu bildirmişdi.