Kerri: Bəşər Əsəd İsrail ilə sülh istəyib, lakin...

ABŞ-ın keçmiş xarici işlər naziri Con Kerri xatirələrini qələmə aldığı "Hər gün qeyri-adidir" adlı kitabda 2010-cu ildə Suriya prezidenti Bəşər Əsədin İsrail ilə sülh danışıqlarına vasitəçilik etməsi üçün ABŞ prezidenti Barak Obamadan kömək istədiyini yazıb.
Kerri kitabında Əsədin Obamaya, İsrailin 1967-ci ildəki müharibədən sonra işğal etdiyi Holan təpələrini Suriyaya təhvil verməsi halında Suriyanın bəzi addımlar atmağa hazır olduğunu bildirdiyini qeyd edib.
Əsədin məktubunu İsrail rejiminin baş naziri Binyamin Netanyahuya çatdırdığını da yazan Kerri, Netanyahunun Əsədin təklifinə təəccübləndiyini bildirib.
Kitabda Əsədin məktubundan sonra 2011-ci in ilk aylarına qədər ABŞ-ın vasitəçiliyi ilə danışıqlar aparıldığı, ancaq bu müzakirələrdə irəliləyiş olmadığı qeyd edilib.
Kerri Vaşinqton rəhbərliyinin danışıqlar üçün ciddiliyini yoxlamaq məqsədilə Əsəddən Suriyanın Hizbullahla əlaqələrə son verməsi və silah tədarükünü dayandırması kimi bəzi istəkləri həyata keçirməsini istədiyini, ancaq Əsədin bunu etmədiyini yazıb.
Kerri həmçinin, "Suriya Obama rəhbərliyinin arxasında qoyduğu "açıq yara"dı və mən hər gün Suriya məsələsini düşünürəm", - deyə qeyd edib.