Ərdoğan ABŞ-a səsləndi: Bizi yaxşı tanımamısınız, ancaq tanıyacaqsınız

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Radio Televiziya Jurnalistləri Dərnəyinin "2017-ci il Media Oskarları Mükafat"ı mərasimində iştirak edərək xarici güclərə mesajlar verib.
Ərdoğan millətin əlindəki resursların səfərbər edildiyini, xaricdəki dostların da çox ciddi məbləğlərlə mübarizəyə dəstək verməyə başladıqlarını deyib.
Bu prosesin həm iqtisadi, həm də siyasi baxımdan yeni bir inkişaf dövrünə vəsilə olacağına inandığını qeyd edən Ərdoğan belə davam edib:
"Türkiyənin alternativ variantı olmadığı barədə düşünənlər görəcəklər. Biz bütün münasibətlərimizi təktərəfli qazanmaq deyil, birlikdə qazanmaq üzərinə quran ölkəyik. Türkiyəylə birlikdə hərəkət etməyin hər kəs üçün üstünlük olduğunu bu günə qədər birlikdə işlədiyimiz hər kəsə göstərdik, lakin NATO-da birlikdə strateji tərəfdaş olduğumuz bir ölkənin durub Türkiyə kimi NATO daxilində ilk üçlükdə yer alan strateji tərəfdaşına bu şəkildə münasibət göstərməsini heç cür başa düşmək olmur.
Bunu çox açıq, dəqiq deyirəm, bizi belə təhdidlərlə, o yan bu yan danışmaqla geri addım atdırmaq mümkün deyil. Biz elə bir tarixin varisləriyik ki, bizi bu təhdidlərlə qorxutmaq mümkün deyil. Deməli, onlar bu milləti yaxşı tanımayıblar, ama tanıyacaqlar. Biz bir ölərik, min dirilərik, quruluşumuz da budur, xarakterimiz də. Vətəndaşlarımız və yüzlərlə, milyonlarla dostumuzla, qardaşımızla birlikdə işıqlı gələcəyə doğru getdiyimizə ən kiçik şübhəmiz yoxdur".
Doğru bir yol ilə getdiklərinə olan inamını dilə gətirən Ərdoğan, hədəfsiz bir ölkənin kompassız gəmi kimi olduğuna və hansı tərəfə gedəcəyini bilməyəcəyinə işarə edib.