Türkiyə Şimali Kiprdə hərbi-dəniz bazası yaratmaq istəyir

Türk hərbçilər ölkənin Aralıq dənizində marağını qorumaq üçün Şimali Kiprdə hərbi dəniz bazası yaratmaq istəyir. Bu barədə Yeni Şafak qəzeti Türkiyə HDQ komandanlığının XİN-ə göndərdiyi sorğuya istinadla bildirib.
Bildirilir ki, Türkiyə həmçinin Şimali Kiprdə əvvəllər türk hərbçilər tərəfindən istifadə olunan Geçitkale aviabazasının bərpası imkanlarına baxır.
Kipr 1974-cü ildə Türkiyənin hərbi müdaxiləsindən sonra de-fakto iki yerə bölünüb. Ankaranın bu hücumu Kiprdə yunan hərbçilərin iştirakı ilə dövlət çevrilişinə cəhdən sonra adada yaşayan türklərin təhlükəsizliyini qorumaq məqsədilə edilmişdi.
1974-cü ilin iyulun 21-də Türkiyə Silahlı Qüvvələri Kiprin şimalından girərək, ölkənin 37 faizini ələ keçiriblər. 1983-cü ildə həmin ərazilərdə Şimali Kipr Türk Cümhuriyyəti elan olundu. Hazırda bura ancaq Türkiyə tərəfindən tanınır. Kiprin birləşdirilməsi barədə danışıqlar 2 illik fasilədən sonra 2014-cü ilin fevral ayında bərpa olundu. 2016-cü ilin iyul ayında Türkiyədə çevrilişə uğursuz cəhddən sonra 8 türk hərbçi Yunanıstana sığındı. Onların Türkiyə hökumətinə verilməsi tələbindən imtina iki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb oldu.