Baş yepiskop Papanı istefaya çağırdı

Vatikanın keçmiş Vaşinqton səfiri arxiyepiskop Karlo Mariya Viqano kilsə nəzdindəki uşaqlara qarşı cinsi istismara göz yumduğu üçün Roma Papası Françeskonu istefaya çağırıb.
Viqano bu barədə ABŞ-da dərc olunan "National Catholic Register" qəzetində dərc etdiyi 11 səhifəlik məktubunda qeyd edib.
Papanın uşaq istismarı ittihamlarına görə keçən ay istefa verən Kardinal Teodor Makkariklə bağlı iddiaları 2013-cü ildən bəri bilməsinə baxmayaraq heç bir addım atmadığını deyən Viqano, Papanı iddialarla bağlı şəxsən özünün məlumatlandırdığını vurğulayıb.
Viqano belə qeyd edib:
"Papa Françesko 23 iyun 2013-cü ildən Makkarikin silsələvi təcavüzkar olduğunu bilirdi. Papa, Kardinal Makarrikin istismarlarını ört-basdır edən kardinal və yepiskoplara yaxşı nümunə olmaq üçün istefa etmək məcburiyyətində olan ilk şəxsdir".
Katolik kilsəsi içində "homoseksual şəbəkə" olduğunu da söyləyən Viqano, "bir çox yepiskopluqda, dini təriqətdə geniş yayılmış olan bu homoseksual şəbəkələr, məxfi şəkildə və səkizayaqlı osminoq kimi qollarının qüvvəsiylə hərəkət edir, günahsız qurbanlarını və hətta bütün bir kilsəni boğur", - deyə bildirib.