Gürcüstan hökuməti istefaya gedir?

Yaxın günlərdə Gürcüstan hökumətində mühüm dəyişikliklər gözlənilir, əsasən baş nazir öz postunu tərk edə bilər. Bu barədə çərşənbə axşamı Gürcüstanın Pirveli radiosu məlumat yayıb.
Radionun məlumatına görə, baş nazir Georgi Kvirikaşvili vəzifədən gedəcək. Onunla birlikdə ədliyyə naziri Teya Sulukiani, iqtisadiyyat naziri Dimitri Kumsişvili, xarici işlər naziri Mixail Canelidze və mədəniyyət naziri Mixail Giorqadze istefa verəcəklər.
Yeni hökumət formalaşana qədər baş nazirin səlahiyyətlərini daxili işlər naziri və baş nazirin birinci müavini Georgi Qaxariya icra edəcək.
Bu məlumat hələlik rəsmən təsdiqlənmir. Ancaq hakim Gürcü Arzusu Partiyasında bu haqda açıq danışırlar, Pirveli radiosu bildirib.
Xatırladaq ki, ikinci həftədir ki, Gürcüstanda hökumətin istefası tələbilə küçə aksiyaları keçirilir. Mitinqə münaqişə zamanı öldürülən iki yeniyetmənin valideynləri təşəbbüs göstərib. Valideynlər hakimiyyətin obyektiv araşdırma aparmamasına və real qatilləri gizlətməsinə etiraz ediblər.