Həbs olunan jurnalist Putindən yardım istədi

"RİA Novosti" agentliyinin Ukrayna şöbəsi üzrə rəhbəri Kiril Vışinskiy Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Ukraynalı jurnalist Hersonda məhkəmə iclasında çıxış edərək Rusiya prezidentindən həbsdən buraxılması üçün bütün tədbirləri görməyi istəyib.
"Tezliklə azad olunmam üçün bütün lazımi tədbirlərin görülməsi üçün Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə müraciət edirəm, habelə səfirlik və konsulluqlar tərəfindən mənə müdafiə təşkil olunmasını istəyirəm",-deyə müraciətdə qeyd edilir.
Kiril Vışinskiy həmçinin bildirib ki, prezident Petro Poroşenkoya Ukrayna vətəndaşlığından çıxmaq barədə ərizə ilə müraciət edib.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti mayın 15-də Kiyevdə "RİA Novosti"nin ofisində əməliyyat keçirib. Həmin gün Kirill Vışinskiy də saxlanılıb. O, dövlətə xəyanətdə ittiham olunur. Jurnalisti bu maddə üzrə 15 ilədək həbs gözləyir.