Öldürülən jurnalistin son yazısı: “Hara baxsan fırıldaqçılardır…”

“The Telegraph” yazır ki, Maltanın baş naziri ölkənin ən tanınmış təhqiqat jurnalistinin qətlindən sonra milli birliyə çağırıb.
53 yaşlı jurnalist Daphne Caruana Galizia korrupsioner siyasətçilər və dələduz biznesmenlər haqqında qamçılayan tənqidi yazıları ilə tanınırdı. O, bazar ertəsi evindən çıxdıqdan az sonra sürdüyü avtomobildə baş vermiş partlayış nəticəsində həlak olub.
Polis bildirib ki, bomba jurnalist günorta saatlarında avtomobili ilə Maltanın şimalındakı Bidniya kəndinin yanından keçərkən partlayıb.
Maltanın baş naziri Joseph Muscat bu qətli “mətbuat azadlığı üzərinə vəhşi hücum” adlandırıb.
“Mən bu məsələdə ədalət yerini tapmayınca rahatlıq bilməyəcəyəm. Ölkəmizin ədalətə ehtiyacı var” – deyib baş nazir televiziya ilə müraciətində.
Caruna Galizia-nın “Running Commentary” adlı bloqu Maltada çıxan bütün qəzetlərin birlikdə tirajından daha çox oxunurdu. Jurnalist bu bloqda Panama sənədləri kimi tanınan korrupsiya iddiaları əsasında təhqiqat yazıları ilə çıxış edirdi.
“The Telegraph” yazır ki, onun çox vaxt şəxsləri hədəfləyən yazıları jurnalistin tez-tez məhkəmələrə çəkilməsi ilə nəticələnirdi.
Bu ilin əvvəllərində Politico jurnalı Galizia-nı “Avropanı silkələyən” 28 kişi və qadından biri adlandırmışdı.
Jurnalist təhqiqat yazılarında ölkənin siyasi rəhbərliyini korrupsiya və dostbazlıqda ittiham edirdi.
O, 2016-cı ildə iddia edirdi ki, Panama sənədləri ovaxtkı enerji naziri Konrad Mizzivə Muscat administrasiyasının başçısı Keith Schembri-nin gizli ofşor şirkətlərinə sahib olduqlarını göstərir.
Mizzi və Schembri bu iddiaları inkar edirlər.
Bu ilin əvvəllərində xanım Caruna Galizia iddia etmişdi ki, Maltada yerləşən kiçik banklardan birinin sənədləri baş nazir Muscat-ın arvadının Panamada şirkət sahibi olduğunu göstərib.
Jurnalist bunu da iddia edirdi ki, bu şirkət və Azərbaycandakı bank hesabları arasında böyük pulların köçürülməsi qeydə alınıb.
Baş nazir və arvadı bu ittihamları rədd edirlər. Cənab Muscat Caruana Galizia-nın iddialarına görə erkən seçki çağırmağa məcbur olmuş və bu seçkidə çətinliklə qalib gəlmişdi.
“The Guardian” qəzeti yazır ki, bu ilin əvvəllərində, Malta Avropa İttifaqının prezidenti olarkən jurnalistin açıqlamaları Brüsseldə böyük hay-küyə səbəb olmuşdu.
O vaxt Avropa Parlamentinin üzvləri Muscat-ın arvadının adına Panamada olduğu söylənən şirklətlə Azərbaycan prezidentinin ailələsi arasında iddia edilən ödənişlərlə bağlı iddialara görə Muscat-dan dərhal istefa verməsini tələb edirdilər.
Jurnalistin qətli ilə bağlı Almaniyadan olan Avropa millət vəkili Sven Giegoldsarsıldığını bildirib.
Giegold deyib ki, belə hadisələr Avropa İttifaqını yox, Putin Rusiyasını xatırladır.
“Avropa İttifaqında mətbuat üzərinə hücumlar və ifadə azadlığının pozulmasına dözüm göstərilə bilməz” – deyib millət vəkili.
Qəzet yazır ki, son illərdə Maltada bir neçə avtomobil partlayışları törədilib. Bu hadisələri törədənlər müəyyən edilməsə də, hücumların kriminal dəstələr arasında mübahisələrdən qaynaqlandığına inanılır.
Caruana Galizia-nın ölümü onun əri və üç oğlu üçün dəhşətli zərbə olub.
Ölümündən bir-neçə saat əvvəl yazdığı son bloqda jurnalist onun ifşa etdiyi korrupsiya hallarının ləng araşdırılmasından şikayətlənirdi.
O, son məqaləsinin son cümləsində yazırdı: “Hara baxsan fırıldaqçılardır. Vəziyyət ümidsizdir”.