Cənubi Koreya 5 milyard dollarlıq silah satmağı hədəfləyib

Cənubi Koreya qarşıdakı 5 il ərzində silah və hərbi texnika ixracını 5 milyard ABŞ dolları səviyyəsinə qaldırmağı hədəfləyib.
Koreya Milli Müdafiə Nazirliyinin Müdafiə Təminatı Proqramı Administrasiyasının yaydığı məlumata əsasən, ölkə bu məqsədə kiçik şirkətlərin ixraca həvəsləndirilməsi və bazarların şaxələndirilməsi yolu ilə çatmaq istəyir.
Cənubi Koreyanın müdafiə sənayesi artan daxili tələbat və iri şirkətlərin istehsalının çoxalması sayəsində genişlənib. Ölkənin xaricə silah satışında bir neçə il durğunluq yaşansa da, ötən il bu məsələdə artım qeydə alınıb. Keçən il xaricə ümumilikdə 3,19 milyard dollarlıq müdafiə sənayesi məhsulu satılıb ki, bunun 1,53 milyard dolları ərazi manevr silah və texnikasının, 809 milyon dolları odlu silahlar və patronların, 482 milyon dolları aviasiya məhsullarının, 152 milyon dolları müdafiə xarakterli kommunikasiya mallarının, 49 milyon dolları isə hərbi gəmi və qayıqların payına düşür. Əsas satılan silah və hərbi texnikaya gəldikdə isə “K9 Thunder” 155 millimetrlik özüyeriyən artilleriya qurğusunu göstərmək olar.
Cənubi Koreya hökumətinin 5 illik planına əsasən, ölkənin müdafiə sənayesində əsas pay ixracın üzərinə düşəcək.