ABŞ üzərinə düşən öhdəliyə əməl etməsə İran nüvə proqramını reallaşdıracaq

İran Hərtərəfli Birgə Fəaliyyət Planına əməl edərək nüvə proqramını dayandırıb.
Bu sözləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amano agentliyin idarə heyətinin Vyanada keçirilən toplantısında deyib. Onun sözlərinə görə, agentliyin mütəxəssisləri İranın bütün nüvə obyektlərində olub və monitorinq aparıblar. Monitorinqlərin nəticəsi ictimaiyyətə açıqlanıb. Məlum olub ki, İran iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmaq haqqında Qərb dövlətləri ilə 2015-ci ildə əldə etdiyi razılaşmaya görə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
Y. Amano qeyd edib ki, tərəflərdən birinin razılaşmanı pozması və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəylərini nəzərə almaması dünyada mənfi presedent yaradacaq. Onun sözlərinə görə, anlaşma pozulsa agentlik heç bir dövlətdə monitorinq apara bilməyəcək.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Bəhruz Kamalvəndi isə bəyan edib ki, İran istənilən zaman uranın zənginləşdirməsini davam edə bilər. Qeyd edib ki, nüvə proqramı dayandırılıb, lakin qarşı tərəf üzərinə düşən öhdəliyə əməl etməsə İran proqramı həyata keçirəcək.
Xatırladaq ki, 2015-ci ildə İran ilə 5+1 dövlətləri (ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya və Almaniya) arasında razılaşma əldə edilmişdi. Razılaşmaya əsasən, ABŞ və Avropa İttifaqı İrana qarşı tətbiq etdikləri iqtisadi sanksiyaları aradan qaldırmalı bunun müqabilində isə İran nüvə proqramını məhdudlaşdırmalıdır. Lakin ABŞ Prezidenti Donald Trampın razılaşmanı tanımaqdan imtina etməsi onu qeyri-müəyyən vəziyyətdə saxladı.