Avstraliya nüvə silahının ləğvi barədə müqaviləni dəstəkləmir

Avstraliya nüvə silahının yayılmasının qarşısını almaq üçün bütün gücünü sərf etməyə hazır olmasına baxmayaraq, onun ləğvi barədə müqaviləni dəstəkləmir.
Bu bəyanatla Avstraliyanın Baş naziri Malkolm Ternbul martın 2-də Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern ilə birlikdə keçirdiyi mətbuat konfransında çıxış edib. C.Ardern hazırda Avstraliyada rəsmi səfərdədir.
Baş nazir deyib: “Biz çox təhlükəli bir dövrdə yaşayırıq. Nüvə silahının yayılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Şimali Koreya buna ən aydın nümunədir və biz, Çin də daxil olmaqla, beynəlxalq tərəfdaşlarımızla birlikdə bu ölkəyə qarşı beynəlxalq iqtisadi sanksiyaların tam ciddiliyi ilə reallaşmasına çalışırıq. Bunun hakim rejimi ağıllandıracağına ümid edirik”.
Bununla yanaşı, M.Ternbull bir daha təsdiq edib ki, Avstraliya 2017-ci ildə Nyu-Yorkda qəbul edilən nüvə silahının ləğvi barədə müqaviləni dəstəkləmir. Bunun səbəbini izah edən M.Ternbull deyib: “Bizim qənaətimizə görə, onun zəif tərəfi bu müqavilədə nüvə silahına malik olan ölkələrin iştirak etməməsidir”. Eyni zamanda, Baş nazir bildirib ki, Avstraliya və Yeni Zelandiya Vaşinqtonun müttəfiqləridir və bu ittifaq çərçivəsində ABŞ tərəfindən nüvə hücumundan müdafiə təminatının üstünlüklərindən bəhrələnirlər.
M.Ternbull sonra əlavə edib: “Biz hamımız dünyanın nüvə silahından tamamilə azad olmasını istəyirik, lakin indiki şəraitdə mövcud vəziyyətə uyğun birləşməliyik”.
Yeni Zelandiyanın Baş naziri də öz növbəsində bildirib ki, onun ölkəsi artıq on illərdir bütün dünyada nüvə silahının qlobal ləğvini dəstəkləyir. Vellinqtonun mövqeyi hamıya, o cümlədən Avstraliyaya yaxşı məlumdur və onu təkrarlamağa ehtiyac yoxdur.