Taciklər prezident Rahmonun şəxsiyyətinə pərəstişi gücləndirir

Bu ay Tacikistanda Emomali Rahmonun ölkəyə rəhbərlik etməsinin 25 illiyi qeyd olunur.
Bu münasibətlə dövlət mediası onun şəxsiyyətinə pərəstişi gücləndirmək üçün mahnı, şeir, kitab oxunuşu kimi üsullardan istifadə edir.
Kvartet tərəfindən ifa olunan "Siz buna layiqsiz" adlı mahnının sözlərini, deyilənə görə, şairlik etməyə başlamış Daxili işlər naziri Ramazon Raximzoda yazıb.
Bu mahnı YouTube-da dərc olunub və Rahmonu dəstəkləyən saytlar tərəfindən paylaşılıb, Asia-Plus agentliyi xəbər verir.
Həmin mahnı yubileyə həsr olunmuş və prezidentin şəxsən baş çəkmiş konsertdə də ifa olunub və alqışlarla qarşılanıb.
Prezidentə tərif oxuyanlar onu "dövrümüzün padşahlar padşahı" adlandırır, 1992-1997-ci illərin vətəndaş müharibəsinin bitməsini və ölkədə sülhün qurulmasını onun adına yazırlar.
Sosial mediada Rahmonun tərəfdarları ilə tənqidçiləri arasında kəskin fikir ayrılığı yer alıb.
"Bizim ziyalılarımız və dini xadimlərimiz yeni büt yaradıb", - Almaniyada yaşayan alim və yazıçı Hafiz Boboyorov yazıb.
Digər şərhçilər Asia-Plus saytına bildirib ki, "müğənnilərin, konsert vermək imkanından məhrum olmamaq üçün, prezidentə alqış oxumaqdan başqa seçimləri qalmır".
Dövlət Yayım Komitəsi bütün radiokanallara prezident Rahmonun kitablarının efirdə oxunuşunu təşkil etmək barədə göstəriş verib. Emomali Rahmonun müəllifliyi ilə Tacikistanda 20-dən çox kitab nəşr olunub.
Dövlət radiosunun rəhbəri Fərrux Ziyoyev Asia-Plus agentliyinə bildirib ki, bu, oxumaqda çətinlik çəkən, gözləri zəif olanlar üçün rəhbərin əsərlərinin öyrənilməsində böyük bir dəstək və köməkdir.

Rahmonun şəxsiyyətinə pərəstiş ildən ilə güclənməkdədir.
Ölkənin aparıcı şairlərindən olan Kamol Nasrullo, prezidenti "Taciklər üçün doğan günəş" adlandırıb, təsirinə görə ölkənin ikinci müsəlman dini xadimi sayılan Hacı Hüseyn Musazədə isə prezidenti "Allahın kölgəsi" adlandırıb.
Milliqazet Tacik xidmətinin xəbər verdiyi kimi, kəndlərdən birində yerli "Şəhrinav Həqiqəti" adlı qəzetin adı dəyişdirilərək "Rəhbərin xeyir-duası" adlandırılıb.
