Puçdemon həbs orderindən gizlənmək fikrində olmadığını bildirib

Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemon həbs orderindən gizlənmək niyyətində deyil və məsələ ilə bağlı Belçika ədalət məhkəməsinin qərarına tabe olacaq.
Milliqazetin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə K.Puçdemonun vəkili Pol Bekart bildirib.
“Puçdemon Belçika ədalət məhkəməsi ilə əməkdaşlıq etmək niyyətindədir. Onun Avropa mandatından gizlənmək fikri yoxdur. O məhkəməyə gedəcək və biz onu müdafiə edəcəyik”, - deyə vəkil bildirib.
“Puçdemonun həbsinə dair order Belçikanın bütün hüquqi instansiyaları tərəfindən təsdiq edilərsə, onda o İspaniyaya göndəriləcək”, - deyə vəkil əlavə edib.
Qeyd edək ki, bundan əvvəl İspaniya Milli Məhkəmə Palatasının hakimi Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs qətimkan tədbiri seçib.
Həbs edilənlər arasında həmçinin muxtar bölgə hökuməti rəhbərinin müavini Oriol Junkerasın olduğu bildirilir.
Qeyd edək ki, Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri (ümumilikdə 14 nəfər) ifadə vermək üçün bir neçə gün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. Onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onların barəsində axtarış elan ediləcəyi və həbs qətimkan tədbiri seçiləcəyi bildirilmişdi.
Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.