Gürcüstanda svanları azərbaycanlıların üzərinə qaldıranlar kimlərdir...

Ötən həftə Gürcüstanın azərbaycanlılar yaşayan Qardabani bölgəsində yerli əhali ilə svanları arasında qarşıdurma olub.
Milliqazet xəbər verir ki, Gürcüstan azərbaycanlılarının Milli Hərəkatının rəhbəri Əlibala Əsgərov münaqişənin məişət zəminində, içki masası arxasında başladığını deyib. Kafelərdən birində iki azərbaycanlı 10-a qədər svanla dalaşıb. Lakin bir neçə saat sonra, gecə saatlarında 200-dən çox svan küçəyə çıxıb və azərbaycanlılardan Qardabanini tərk etməyi tələb edib. Vəziyyətin gərginləşməsi ilə bağlı daxili işlər naziri Georgi Mqrebrişvili Qardabaniyə gedib. O, azərbaycanlılarla görüşüb, aranı sakitləşdirməyə çalışıb. Azərbaycanlılar isə nazirə svanların onları söydüyünü deyib. Nazir bunların “təxribatçılar olduğunu” bildirib.
“Bu münaqişə ayrı-ayrı adamlar arasında başlayıb. Yol vermək olmaz ki, kimlərsə bundan vəziyyəti gərginləşdirmək üçün istifadə etsin. Bu, milli münaqişə deyil və ondan bizim xalqlarımızın düşmənləri yararlanmağa çalışır”-nazir deyib.
Qardabani Tiflisin 33 kilometrliyində yerləşir, bölgə əhalisinin 90 faizi azərbaycanlılardır. Ötən əsrin 90-cı illərində bu bölgədə svanlar azərbaycanlılara silahlı hücumlar edib, nəticədə minlərlə azərbaycanlı öz evlərini tərk edərək Azərbaycana sığınmağa məcbur olub.