Səudiyyə Ərəbistanında qadınlarla bağlı radikal qərar

Səudiyyə Ərəbistanı gələn ildən etibarən tarixində ilk dəfə qadınlara stadionlarda keçirilən idman tədbirlərini izləməyə icazə verəcək, rəsmilər bildirib.
Ailələrin stadionlara daxil olmasına icazə üç əsas şəhərdə veriləcək – paytaxt Ər-Riyad, Ciddə və Dammam.
Bu, gender ayrı-seçkiliyi qanunları altında yaşayan Səudiyyə qadınlarının hüquqlarını artıran növbəti addımdır. Bundan əvvəl Səudiyyədə qadınların avtomobil sürməsinə qoyulan qadağa da tarixi bir qərar ilə aradan qaldırılmışdı.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Səudiyyə Ərəbistanı cəmiyyətini müasirləşdirmək və iqtisadiyyatını canlandırmaq üçün bir çox islahatlar aparır.
Səudiyyə Ərəbistanının idman üzrə rəsmiləri üç stadionda “2018-ci ilin əvvəlindən ailələri qəbul etmək üçün hazır olmağa” yönəlik tədbirlərin həyata keçiriləcəyini deyirlər.
Hazırlıqlar çərçivəsində stadionların içində restoranlar, kafelər və ekranlar yerləşdiriləcək. Bundan əvvəl stadionlara yalnız kişilərin girişinə icazə verilib.