“Yeni Lourenslər bu dəfə uğur qazana bilməyəcək” – Ərdoğan Bərzanini tənqid atəşinə tutdu

Türkiyə prezidenti Ərdoğan İraq Kürd Regional Hökumətində baş verən siyasi proseslərin etnik münaqişə çıxarmaq cəhdi olduğunu bildirib.
Ərdoğan çıxışında “Yeni Lourenslərin uğur qazana bilməyəcəyini” deyib.
“Kim sizin müstəqilliyinizi qəbul edir? Kosovanın müstəqlliyini isə 114 dövlət tanıyıb. Hal-hazırda İslam Əməkdaşlığı Təşkilatına sədrlik edirik. Bu ölkələrdən belə Kosovanın müstəqilliyini tanımayan ölkələr var. Dedim bəzi yerlərdə həmrəyik, bəzi yerdə fikri ayrılıqları var. Deyirlər, Kosova müsəlman ölkəsidir, amma bu məsələyə görə problem çəkərik. Bu cür səfeh bəhanələrlə qarşı çıxanlar var”.
Ərdoğan Bərzani hakimiyyətini tənqid atəşinə tutub:
“Şimali İraqda otur oturduğun yerdə. Hakimiyyət başındasan, pulun, hər şeyin var, neftin var. Ancaq rahat durmursan. 350 km-lik sərhədin var bizimlə, danışıqlar apardınmı? Yox. İranla danışdınmı? Yox. Yerli hakimiyyətlə danışdınmı? Yox.
Bərzani hakimiyyəti özünü oda atdı. Bu bizdən yan keçər, amma kiminsə canını yaman ağrıdar. Dövləti idarə etmək bir başqa şeydir, aşirət rəisi olmaqla iş həll olunmur. Özünə də hər halda ciddi xəbərdarlıqlar olub.
Orada türkmənlərə zülm edirlər. Onların haqq və hüquqlarını nəzərə almırlar. Bu gün Şimali İraqda baş verən proseslərə sərt reaksiya veririksə, tək səbəb kürdlər daxil ərəblərin, türkmənlərin yaxşılığını istədiyimiz üçündür. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, ciddi-cəhdlə girdikləri bu macəranın xəyal qırıqlığı ilə nəticələnməsi qaçınılmazdır.
Bu gün bir qəzetdə oxudum. Rəsmi şəxslərdən biri “Bizim İsrail bayraqlarından xəbərimiz yoxdur” deyir. Mən Türkiyədən görürəm, sən Şimali İraqdan necə görmürsən? Təbii əvvəldən bəri bunlarla əlaqələri var. Yeni Lourenslər bu dəfə uğur qazan bilməyəcək. Bunu bilmənizi istəyirəm”.