"İrma" qasırğası Abramoviçin 50 milyon dollarlıq malikanəsinə yaxınlaşır

Məşhur milyarderlər Roman Abramoviç və Riçard Brensonun Karib adalarındakı malikanələri “İrma” qasırğasından zərər çəkə bilər. imarətlər qasırğanın keçəcəyi yolun üzərində yerləşir.
Britaniyalı biznesmen, “Virgin Group”un yaradıcısı Riçard Brenson ekstermal hadisəni sakit qarşılayıb. O, mətbuata verdiyi açıqlamada öz şəxsi Neker adasını tərk etməyəcəyini bildirib.
“Biz qasırğaya davamlı bina tikmişik, o ekstermal hava şəraitinə dözməlidir. Maksimal bal – beş ballıq qasırğa ona heç nə edə bilməyəcək. Mən son 30 ildə 3 dəfə belə qasırğa ilə qarşılaşmışam. İndi də hər üçündə olduğu kimi komandamla birlikdə Neker adasında olacağam”, - deyə milyarder bildirib.
Malikanəsi qasırğanın yolunda yerləşən “Çelsi” klubunun sahibi Roman Abramoviç isə vəziyyətlə bağlı hər hansı şərh verməyib. Rusiyalı milyarder Sen-Bartelemi adasında 50 milyon dollar qiyməti olan villada yaşayır.
Qeyd edək ki, avqustun 30-da Atlantik okeanında başlayan "İrma" qasırğası gücünə görə maksimal - 5-ci kateqoriyaya aid edilib. Qasırğada küləyin sürəti 295 km/saatdan artıqdır.
Atlantik okeanının mərkəzində, Kabo Verednin qərbində yaranan qasırğa hazırda Karib hövzəsində yerləşən adalara tərəf hərəkət edir. ABŞ-ın Milli Qasırğa Mərkəzi tərəfindən qasırğa xəbərdarlığı Antiqua və Barbuda, Sent Kits və Nevis, Britaniyaya məxsus Angilya və Montserrat adaları, Hollandiyaya məxsus Saba və Sint Estatius adaları, Fransa və Hollandiya arasında bölünmuş Sen Marten adası və Fransanın dənizdə yerləşən Sen Bartelemi ərazisi üçün verilib. Eyni zamanda ABŞ-a məxsus Puerto Riko adasında və əhalisi çox olan Florida ştatında fövqəladə vəziyyət elan edilib.