İsrail fələstinli uşaqlar üçün tikilən məktəbləri söküb - FOTOLAR

Avropa İttifaqının dəstəyi ilə üç həftə bundan əvvəl tikilən fələstinli uşaqlar üçün orta məktəb İsrail tərəfindən sökülüb. İsrail hökuməti tikintinin qeyri-qanuni olduğu üçün söküldüyünü bildirib. Hazırda uşaqlar məcburən çadır məktəbə gedirlər, lakin onların Günəşdən heç bir qoruyucu olmadan dərs keçmələrinin səhhətlərinə zərərli olduğu bildirilir.
Məktəbdə 64 şagird ibtidai təhsil alır. Norveç Mühacir Şurasının direktoru Hanibal Abiy Uorku bildirib ki, uşaqlar yeni təhsil dönəminə qayıdanda məktəbin söküldüyünü görüblər.
Şuranın verdiyi məlumata görə, İordan çayının qərb sahilində fələstinlilər üçün tikilən üç məktəb İsrail hökuməti tərəfindən sökülüb. Bedouin cəmiyyəti üçün tikilən uşaq bağçası bağlanıb və Abu Nyuarda yerləşən ibtidai təhsil məktəbinin Günəş panelləri sökülüb.
İşğal altında olan Qərbi İordan çayının əraziləri İsrail hökumətinin tam nəzarəti altındadır və bu ərazilər Dövlət Fəaliyyətinin Koordinatorluğuna tabedir.
CNN-in verdiyi məlumata görə, Cab Əl-Sibdə keçən həftə sonu tikilən bina qeyri-qanuni idi və heç bir icazə alınmadan tikilib. Ona görə də Vətəndaş Administrasiyası rəhbərliyinin qərarı ilə tikintiyə əl qoyulub.
Avropa İttifaqından verilən məlumata görə, indiyə qədər Şərqi Yerusəlim və İordan çayının qərb sahilində 100-ə yaxın tikinti işləri gedib. Buraya evlər, sığınacaqlar, su şəbəkələri və məktəblər də daxildir. Lakin Avropa İttifaqının maliyyə dəstəyi ilə tikilən bu binalar İsrail tərəfindən sökülüb.
Bölgədə binaların tikilməsi üçün İsrail hökumətinin icazəsi olmalıdır. Lakin Norveç Mühacirlər Şurası bildirir ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq icazə verilməyib. Bu səbəbdən də beynəlxalq donorlar və fələstinlilər üçün hər nə olursa-olsun binaları tikməkdən başqa çarə qalmır.
Cab Əl-Sibdə çadır məktəbin önündə toplaşan analar da etirazlarını bildiriblər. Valideynlər bildirir ki, uşaqların çadır məktəbə getmələri onların sağlamlığına zərərlidir. Uşaqları Günəşdən qoruyan heç bir vasitə yoxdur. Fələstinli təhsil direktoru Sami Mruvvah da qeyd edib ki, sökülən məktəbin yanında qalmalı və işğal edilməsinə qarşı mübarizə aparmalıdırlar.
“Məktəbin sökülməsi və şagirdlərin təhsilsiz buraxılması insan hüquqları və xüsusilə də uşaq hüquqlarına ziddir. Biz burada tezliklə məktəb binası tikəcəyik” – direktor bəyan edib.
Dörd uşaq anası İntizar Əl-Uahş qeyd edib ki, 2017-ci ildə uşaqlarının təhsili uğrunda mübarizə aparmaları çox üzücüdür. “Biz onları istilərdən qoruya bilmirik və biz həm də məskunlaşmalardan da narazıyıq” – o, vurğulayıb.
İordan çayının qərb sahili və Şərqi Yerusəlim 1967-ci ildə İsrail tərəfindən altı günlük müharibədə işğal edilib.


