Cənubi Azərbaycanda maaşların verilməməsi etirazlar yaratdı

Aylardır maaşlarını almayan “Muğan Əkin və Sənaye” şirkətinin yüzlərlə işçisi İran Azərbaycanının Muğan bölgəsində etiraz piketi keçirib.
Yolpress, Dana və Aran Muğan kimi internet portallarının bildirdiyinə görə, 300-dən artıq işçi şirkətin Parsabad şəhərində yerləşən mərkəzi idarəsinin önündə toplanaraq tələblərini səsləndiriblər.
Etirazçılar həmçinin Muğan qubernatorluğu binası istiqamətində yürüş keçiriblər.
“Fəhlələr 3 aydır maaş almayıb. Onların çoxu icarə evlərdə oturur və məktəb şagirdi olan övlad sahibidirlər. Toplumda mövcud olan ağır iqtisadi durum və bu qədər çətinliyin içində, “Muğan Əkin və Sənaye” şirkəti də üç aydır onlara maaş verməyib. Dəfələrlə etiraz etsələr də kimsədən cavab ala bilməyiblər,” deyə fəhlələrin vəziyyəti yerli mətbuatda əks edilib.
Yayılan məlumata görə, bu piket şirkət işçilərinin keçən bir il ərzində keçirdiyi üçüncü etiraz mitinqidir.
“Muğan Əkin və Sənaye” kompleksində təqribən 800 işçinin çalışdığı bildirilir. Muğan düzü Ərdəbil vilayətində yerləşir. Vilayətin Parsabad, Biləsuvar və Germi şəhərləri Muğan bölgəsinə daxildir.