Taleh Bağırovun iki yeniyetmə övladı məhkəmə qarşısına çıxarılır
Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun 15 və 17 yaşlı iki övladı ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb. İşin yaxın günlərdə məhkəməyə göndəriləcəyi bildirilir.
Yeniyetmələr Bakının Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbin həyətində baş vermiş dava ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunublar.
Qardaşlardan birinə Cinayət Məcəlləsinin 127.2.3-cü - xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və 221.2.1-ci - bir qrup şəxs tərəfindən xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. Digər yeniyetmə isə yalnız 221.2.1-ci maddə ilə təqsirləndirilir.
Onların anası və qanuni nümayəndəsi Leyla İsmayılzadə “Azadlıq Radiosu”na deyib ki, müstəntiq iyulun 17-də istintaqın tamamlandığını və işin məhkəməyə göndəriləcəyini ailəyə bildirib.
Onun sözlərinə görə, apreldə məktəbdə baş verən davadan sonra araşdırma aparıldığından xəbərdar olublar və bir neçə dəfə Xəzər Rayon Polis İdarəsinə çağırılıblar:
“Düşündük ki, bu həddə qədər getməzlər. Məktəblərdə hər gün uşaqlar arasında nə qədər belə dava-dalaş olur. Amma getdilər. Görünür, bunlardan hər şey gözləmək lazımdır”.
İsmayılzadə istintaqın obyektiv aparılmadığını iddia edir. O bildirib ki, məktəbin təhlükəsizlik kameralarının görüntüləri araşdırılmayıb, hadisəni görən 15-ə yaxın şagirddən isə yalnız biri dindirilib.
“Vəkilimiz vəsatət qaldırdı ki, digər məktəblilər də dindirilsin, çünki övladlarım təhrik olunub. Ən obyektiv sübut növü kamera görüntüləridir, niyə götürülməyib? Ən əsası, qarşı tərəf o məktəbin şagirdi olmadığı halda, orada nə gəzirdi? Bu hadisə ilə bağlı çoxlu suallar var. Uşaqlara verilən maddələrdən də qərəzin olduğu açıq-aşkardır”, - İsmayılzadə bildirib.
Hadisə aprelin 7-də məktəbin həyətində baş verib. Ananın sözlərinə görə, böyük oğlu əvvəlcə davada iştirak etməyib, kiçik qardaşının döyüldüyünü gördükdən sonra münaqişəyə müdaxilə edib.
Dava zamanı qarşı tərəfdən bir nəfərin burnunun sındığı bildirilir. İsmayılzadə zərərçəkmiş kimi tanınan şəxsin ailəsi ilə barışmağa çalışdıqlarını, lakin razılıq əldə olunmadığını deyib.
“Azadlıq Radiosu” qarşı tərəfin ailəsi ilə əlaqə saxlaya bilmədiyini bildirib.
Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə üç ilədək azadlığın məhdudlaşdırılması və ya beş ilədək həbs cəzası nəzərdə tutulur. 221.2.1-ci maddə isə islah işləri və azadlığın məhdudlaşdırılması ilə yanaşı, üç ilədək azadlıqdan məhrumetmə cəzasını da ehtiva edir.
Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı saxlanılıb. Əməliyyat nəticəsində iki polis əməkdaşı və dörd yerli sakin həyatını itirib.
Nardaran hadisələri ilə əlaqədar ümumilikdə 70-ə yaxın şəxs həbs olunub. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaşların təşkili, digərlərinə isə dövlət çevrilişinə cəhd və terrorçuluq da daxil olmaqla daha ağır maddələrlə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Taleh Bağırovu 20 il müddətinə azadlıqdan məhrum edib. Bağırov və onunla birlikdə mühakimə olunan şəxslər ittihamları qəbul etməyib, silahlı olmadıqlarını və polis əməkdaşlarını öldürmədiklərini bildiriblər. Onlar saxlanıldıqdan sonra işgəncəyə məruz qaldıqlarını da deyiblər.
Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edib. Avropa İnsan Hüquqları Məhkəməsi isə Taleh Bağırov və digər şəxslərin şikayəti üzrə pozuntu müəyyən edərək Azərbaycan hökumətinin onlara kompensasiya ödəməsinə qərar verib.










