Axtarılır: Jurnalist
Prezident Administrasiyasının bir addımlığında yaşlı qadın başını qaldırıb yol kənarındakı təhlükəsizlik kamerasına dərdini danışırdı. Yolda şütüyən maşınların uğultusundan səsi eşidilsin deyə get-gedə ucadan qışqırırdı. Şikayətini eşitməyənlərə sözünü bu cür çatdırmaq istəyirdi. Kənardan ona baxanlar gülüb keçirdi. Bu video vaxtilə “Meydan TV”də yayımlanmışdı. İndi bu, təkcə bir nəfərin yox, bütöv cəmiyyətin düşdüyü durumdur.
Azərbaycanda hər bir vətəndaşın danışa biləcəyi ancaq bir kamera var, o da şəhərin hər künc-bucağında quraşdırılan təhlükəsizlik kameralarıdır. Çünki əlində kamera tutan bir jurnalist belə azadlıqda qalmayıb. Söhbət, təbii ki, müstəqil jurnalistlərdən gedir.
Biz Milli Mətbuatın yaranmasının 151-ci ilini bu şəraitdə - jurnalistlərsiz ölkədə qarşılayırıq.
Amma həyatın ironiyasına bax ki, 30-a yaxın jurnalisti həbs etdirən prezident İlham Əliyev Şuşada Qlobal Media Forumu keçirir. Bu foruma da “Dünyada mətbuat azadlığı yoxdur” dediyi dünyanın o səmtindən jurnalistləri dəvət edib. Suallar isə adama məktəb illərini xatırladır. Bilmədiyi mövzulardan sual verilməsin deyə əvvəldən sualları özü yazıb sinif yoldaşlarına paylayan o məktəbli kimi, Əliyev də çətinə düşəcəyi mövzulardan (insan haqları, korrupsiya, limitsiz hakimiyyət və s.) sual verilməsin deyə, özünə razılaşdırılmış suallar verdirirdi. Hər sualın cavabını bildiyi üçün çox məmnun görünürdü. Amma qlobal miqyasda onun mediaya olan münasibətinə qiymət verilib -171-ci yer.
Əliyev ölkə adına bu yeri media ilə bağlı məhdudlaşdırıcı qanunları imzaladığına, jurnalistikanı lisenziyalı sahəyə çevirdiyinə, “Toplum TV”, “Meydan TV”, “Abzas Media”nın ofislərini möhürlətdiyinə, əməkdaşlarını həbs etdirdiyinə görə qazanıb.
İndi ölkədə vəziyyət o yerə gəlib ki, məhkumlar jurnalist axtaranda onu bir addımlıqlarında tapırlar, amma azadlıqda bu çağırışlara cavab verən yoxdur. Azadlıqda qanunsuzluqla üzləşən bir kəs dərdini danışmağa jurnalist tapmır.
Eşidirik ki, sosial şəbəkələrdə tez-tez bu elan görünür: “Jurnalist axtarırıq”.
Həmin vaxt onların çağırışlarına cavab verəcək jurnalistlər Bakı İstintaq Təcridxanasında, Lənkəran Penitensiar Kompleksində, 2, 6, 10, 17 saylı cəzaçəkmə müəssisələrindədirlər.
Azadlıqda azad jurnalist qoymayan hökumət bununla yetinmir, gələcəyin jurnalistini elə oxuduqları universitetlərdə susdurmağa çalışır.
Bu yaxınlarda professor Cəmil Həsənli paylaşım edib ki, BDU-nun jurnalistika fakultəsinin tələbəsi ona yaxınlaşaraq, həbsdə olan jurnalistləri müdafiə etməsinlər deyə universitet heyətindən dəfələrlə xəbərdarlıq aldıqlarını deyib. “Deyirlər, onlar dövlətçiliyimizə qarşıdırlar, vətən xainidirlər”, - tələbə deyib.
Mətbuatın azad, jurnalistin həqiqətə tapınmalı olduğunu öyrətməli olan universitet bunu edən müstəqil media mənsublarını “vətən xaini” kimi təqdim edir. Yalan xəbərlərin üzərindən vətən qurmaq, yəqin, indi onlar üçün ən təhlükəsiz seçimdir.
Vaxtilə BDU-nun rektoru işləmiş Abel Məhərrəmov da bu təhlükədən sovuşmaq üçün müsahibə vermişdi ki, “BDU-nun jurnalistika fakultəsinin məzunlarının içərisində hökuməti tənqid edən jurnalist yoxdur”.
Amma istənilən propaqanda azad düşüncə qarşısında keçərsiz qaldığı üçün rektor istədiyi nəticəni əldə edə bilməmişdi. Tənqidi jurnalistika ilə məşğul olduğu üçün hazırda həbsdə olan jurnalistlərin bir neçəsi elə onun dövrünün BDU məzunlarıdır.
Görünür, indi də universitetdə vəziyyət fərqli deyil. Vətəndaşlarını səs yazmayan təhlükəsizlik kameraları vasitəsilə “eşitməyə” hazır olan hökumət gələcəkdə əlinə kamera alıb onların səsini eşitdirəcək jurnalistləri yerli dibli aradan götürdüyünü zənn edir. Amma professora yaxınlaşıb gileylənən tələbə hələ də hər şeyin bitmədiyini göstərir.
Lənkəran Penitensiar Kompleksi, iyul, 2026










