Kiçik Heydər Əliyevin Moskvadakı qəsri - Azərbaycan prezidentinin ailəsi Moskva ətrafında necə məskunlaşdı
Azərbaycan prezidentinin ailəsi Moskva ətrafında necə məskunlaşdı
Azərbaycan prezidentinin oğlu Heydər Əliyev 9 yaşında Rublyovo-Uspenski şosesində Dmitri Medvedyevin iqamətgahının qonşuluğunda yerləşən dəbdəbəli evin sahibi olub. Bu mülkün alınması Əliyevin Paşayevlərin biznesmen ailəsi ilə maliyyə əlaqəsini ifşa edir. Ölkənin birinci xanımı Mehriban Əliyeva bu ailədəndir.
“Əgər bütün qonşu ölkələr arasındakı münasibətlər Rusiya ilə Azərbaycan arasındakı kimi olsaydı, inanın ki, nəinki heç bir münaqişə, hətta anlaşılmazlıq belə olmazdı”, – Azərbaycanın prezidenti İlham Əliyev 2008-ci ildə Rusiya prezidenti Dmitri Medvedyevlə baronessa Meyendorfun keçmiş qəsrində (Moskva ətrafı Barvixdə) baş tutmuş görüşdə deyib.
Bir ay sonra Rusiya, Ermənistan və Azərbaycan prezidentləri artıq orda Dağlıq Qarabağ münaqişəsi üzrə bəyannaməyə qol çəkiblər. Qəsr bu hadisədən üç il əvvəl bərpa olunub və prezident Dmitri Medvedyevin o qədər xoşuna gəlib ki, onu rəsmi iqamətgahına çevirib.
Görünür, Azərbaycan prezidenti İlham Əliyev də görüş yerinə qayıtmaq fikrinə düşüb. Bundan bir il əvvəl onun 9 yaşlı oğlu Rublyovo-Uspenski şosesindəki ən dəbdəbəli və qapalı qəsəbəsində – “Mayendorf bağları”nda nəhəng bir mülkün sahibi olub.
Prezident İlham Heydər oğlu Əliyev
İlham Əliyev 2003-cü ildən Azərbaycan prezidenti vəzifəsindədir. Ağır xəstə olan atası oğlunu öz varisi təyin edəndən onu tərk etmək niyyətində deyil. 2009-cu ildə Azərbaycan Konstitusiyasında edilən dəyişikliklər Əliyevə sonsuz sayda seçilməyə imkan yaradıb, üstəlik 2016-cı ildə prezident səlahiyyətlərinin müddəti beş ildən yeddi ilədək artırılıb. Elə həmin il Azərbaycanda vitse-prezident vəzifəsi təsis olunub; dövlət başçısı hər hansı bir səbəbdən öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə Baş nazir deyil, məhz o bu vəzifəni öz üzərinə götürəcək. İlham Əliyev Birinci vitse-prezident vəzifəsinə öz arvadı Mehriban Əliyevanı təyin edib.
Əliyev prezident vəzifəsinə keçənə qədər az müddətdə Baş nazir olub; iki dəfə, 1995 və 2000-ci ildə respublika parlamentinə deputat seçilib, 1994-2003-cü illərdə isə Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi çalışıb. Rəsmi bioqrafiyaya görə, onun şəxsi biznes sahəsində qısa təcrübəsi 1991-1994-cü illərə təsadüf edir. Həmin müddət ərzində o, “bir sıra istehsalat-kommersiya müəssisələrinə başçılıq edib”.
Əliyevlərin bağı
“Mayendorf bağları” kottec qəsəbəsi, həmçinin Medvedyevin iqamətgahı, – bu qəsəbə Birinci dünya müharibəsində Rusiyadan getmiş çar zabiti Mixail Mayedorfun soyadı ilə adlandırılıb, – Moskva həlqəvi avtomobil yolundan 16 km aralıda, “Barvix” sanatoriyasının yaxınlığında yerləşir. Təxminən 10 km məsafədə Vladimir Putinin “Novo-Oqaryovo” rəsmi iqamətgahı və Baş nazir iqamətgahı “Qorki-9” yerləşir. Bu qəsəbədə bir neçə dəfə satılan mülklər Rusiyada və hətta dünyada ən bahalı evlər sayılıb.
“Mayendorf bağları”nda rusiyalı “forbs”lar: Rusiyanın ən varlı (2018-ci ilin reytinqinə görə) biznesmeni Vladimir Lisin, İsgəndər Mahmudov, Andrey Bokaryov, Dmitri Mazepinin daşınmaz əmlakı var. Aleksey Boqdamçikov – “Rosneft”in keçmiş prezidenti Sergey Boqdançikovun oğlunun, biznesmenlər Aleksandr və Şalva Çigirinlərin mülkləri yerləşir.
Memar Zaha Hadidin yaratdığı dünyada yeganə şəxsi malikanə də burdadır. Sifarişçi “Kapital qrup”un ortağı Vladislav Doronin olub.
Zaha Hadidin memar bürosunun saytında deyilir ki, bu Moskvaətrafı qəsəbədə şam ağaclarının hündürlüyü 20 metrə çatır. Və əgər Doroninin futurist evi həmin ağacların üzərində ucalırsa, Əliyevin malikanəsi onların arxasında gizlənib.
Qəsəbəni tikən öz saytında potensial alıcılara sövdələşmənin məxfiliyinə zəmanət verir, belə ki “burdakı auditoriyanın xarakterini anlayır” və vəd edir ki, qəsəbə ərazisinə “kənar şəxslər və mətbuat” daxil olmayacaq. Nəzarət-buraxılış məntəqəsindəki keşikçi “Proyekt”in müxbirinə deyib ki, sakinlərin adını bilmir, bəzən heç onların üzünü də görmür, çünki mülk sahibləri çox vaxt qara şüşəli avtomobillərdə gəlirlər. Üstəlik, demək olar ki, hər ev sahibinin öz şəxsi mühafizə dəstəsi var.
Beləcə, Əliyevlərin şəxsi mühafizəsi onlar üçün xüsusi tikilmiş 200 metrlik evdə yaşayır.
Heydər Əliyevin mülkünün sahəsi 7 min kv.m-dən artıqdır. Evin sahəsi 1,6 min kv.m-dir. O, qəsəbənin sərhədində, düz Poduşinski meşəsinin yanında yerləşir. Yaxınlıqda Böyük Barvix gölü var (yerli əhali onun tamamilə hasarlandığından şikayət edirlər).
“Mayendof bağları”nı artıq Əliyevlərin ailə yuvası adlandırmaq olar: bir neçə mülk aralıda Azərbaycan prezidentinin qızı Leylanın evi yerləşir. Əliyevanın mülkünün sahəsi 7,7 min kv.m-dir. Qardaşı kimi Əliyeva da bu bahalı daşınmaz əmlaka gənc yaşlarında – 20 yaşında sahib olub.
Aşkar nepotizmlə yanaşı, Əliyevlərin varlanma mənbəsi həmişə çoxlu sayda sual doğurub. OCCRP-nin araşdırmaçı jurnalistləri müəyyənləşdiriblər ki, bu ailənin üzvləri ofşor şirkətlərlə pərdələnmiş müxtəlif müəssisələrə, dəbdəbəli daşınmaz əmlaklara və hətta qızıl yataqlarına sahibdirlər.
Yusif Rəsulov










