Bu dəqiqələrdə “Hilton” otelində 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar dəyirmi masa keçirilir.
Bu dəqiqələrdə “Hilton” otelində 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar dəyirmi masa keçirilir. Tədbirdə tanınmış medai nümayəndələri iştirak edirlər.
Toplantını griş sözü ilə açan bloqer Mehman Hüseynov bildirdi ki, məqsəd Azərbaycan mediasının problemlərini müzakirə etmək, vəziyyətdən çıxış yolları aramaqdır.
Onun sözlərinə görə, 2006-cı ildə qardaşı Emin Hüeynovun təssi etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ilə bağlı sıxıntılar qalır:
“Amma fəaliyyətimizi davam etdirməyə çalışacağıq. Mətbuat azadlığı jurnalistin azadlığından başlayır. Amma bu gün həbsdə olan jurnalistlər var”.
Daha sonra tədbirin moderatoru olan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd etdi ki, söz azadlığının vəziyyəti kritikdir. Onun sözlərinə görə, reklam bazarı və qəzet satışı ilə bağlı problemlər qalmaqdadır:
“Ən çox satılan “Yeni Müsavat”dır, o da əvvəlki qədər satılmır. Bu, mətbuatın günahı deyil, medianı belə günə salıblar.
Eyni zamanda saytların bloklanması, qanunsuz cinayət işləri açılması bu vəziyyətin tərkib hissəsidir”.
“Yeni Nəsil” Jurnalistlər Birliyi sədri Arif Əliyevin sözlərinə görə, hara gəlib çıxdığımızı bilirik: “Hər şey göz önündədir. Media öz ictimai yükünü saxlamaq üçün həyatın nəbzini tutmalıdır.
Müasir həyatını ritmini üç tezis təşkil edir: Azərbaycan daha balanslaşdırma siyasəti yürütməyəcək və milli maraqlarına nə uyğundursa onu edəcək.
İkincisi, ciddi siyasi-iqtisadi islahatlar dərinləşəcək. Üçüncüsü, ictimai nəzarət güclənməlidir və camaatı narahat edən məsələlər deyilməlidir”.
A.Əliyev hesab edir ki, ictimai təşkilatlar nə dərəcədə fəal olacaqsa, proseslərə təsir imkanlarımız o qədər çox olacaq: “Media islah olunmalıdır, islahatlardan keçməlidir, müstəqilliyini bərpa etməyə çalışmalıdır.
Müstəqilliyin bu gün bərpası birinci növbədə redaktorlara sərf eləmir, çünki əldən almağa öyrəşiblər.
90-cı illərdə medianın 55 faizini müstəqil mətbuat təşkil edirdi. O çətin iqtisadi şəraitində 55 faiz müstəqil media var idi. Bu gün isə müstəqil media 3 faizdən çox olmaz”.










