Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcəyi gözlənilir.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcəyi gözlənilir. Seçki martda keçiriləcək.
Uzun müddətdir ombudsman vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanovanın təqaüdə yola salınacağı xəbər verilir. Onun yerinə kimin namizəd irəli sürüləcəyi hələ müəyyən olunmayıb. Lakin bu dəfə kişi namizəd olacağı istisna edilmir.
Məlumatlara görə, bu posta gənc, enerjili, çevik bir kadrın seçiləcəyi ehtimalı var. Xüsusən də prezidentin son kadr islahatları, gəncləri yüksək postlara irəli çəkməsi siyasəti fonunda ombudsman vəzifəsinə də cavan, işləyən bir şəxs seçiləcək.
2002 və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. Lakin yeni ombudsman seçilmədiyindən fəaliyyətini davam etdirir.
Çünki qanunvericiliklə ombudsmanın səlahiyyət müddəti bitsə də, yenisi seçilənə qədər işinə davam etməlidir. Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir.
Ombudsman vəzifəsinə seçkilər keçiriləcəyi barədə deyilənlərlə əlaqədar E.Süleymanovanın özünə zəng elədik.
Ombudsman bildirdi ki, belə bir gözlənti yoxdur: “Bu məlumatı haradan əldə eləmisiniz bilmirəm, amma mən belə bir şey eşitməmişəm”. O, növbəti sualımızı dinləmədən telefonu asdı.










