Belarus Azərbaycana “Polonez”in növbəti partiyasını göndərib
Azərbaycan Belarusdan "Polonez" əməliyyat-taktiki raket kompleksinin yeni partiyasını alıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Azərbaycan ilə Belarus arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm.-lik "Polonez" əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəyə gətirilib", - nazirlik qeyd edib.
Kompleksin sayı və müqavilənin məbləği açıqlanmır.
301 millimetrlik "Polonez" yaylım atəşli reaktiv sistemi 2018-ci ildə Azərbaycan ordusunun silahlanmasına daxil edilib. Maksimal məsafə 300 km.-dir. Bundan öncə Rusiyanın "Kommersant" qəzeti Belarus Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən bildirmişdi ki, 2018-ci ildə Bakı Minskdən "Polonez" almağa başlayacaq. İlk müqavilədə 10 komplekt yaylım atəşli reaktiv sistemin (bura raketlər, nəqliyyat-doldurma maşınlar, idarəetmə məntəqəsi, radioloksiya stansiyaları və s. daxildir) göndərişi nəzərdə tutulur.










