“Zeytunluq”da 16 torpaq sahəsinin hasarları sökülüb
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayonu, 6-cı mikrorayonda "Zeytunluq" kimi tanınan ərazidə, Heydər Məscidinin yaxınlığında ümumilikdə 3 hektar sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarlarını söküb, ərazi tikinti materialları və tullantılardan təmizlənib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, həmin ərazidə yaşıllıqların bərpası ilə bağlı işlərə başlanılıb.
"Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq".
BŞİH bildirir ki, paytaxtın rayonlarında aparılan abadlıq-quruculuq işləri, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyri-hökumət təşkilatlarının məlumatına görə, Azərbaycanda 1 milyon 800 minədək qanunsuz tikili var. Onun 700 mini Bakı şəhərində yerləşir.
Rəsmi şəxslərin dediyinə görə isə, Bakıda 400 min qanunsuz tikili, o cümlədən 6 minədək qanunsuz mənzil, 6 yüzədək qanunsuz çoxmərtəbəli ev var.










