Jurnalistin ölkədən çıxışı qadağan edilib
Jurnalist Şahvələd Çobanoğlunu Azərbaycan - Rusiya sərhəd buraxılış məntəqəsindən geri qaytarıblar. Tanınmış köşə yazarı bu barədə özünün feysbuk divarında yazıb. Jurnalist xatırladıb ki, onun ölkədən çıxışına qoyulan qadağa yeni deyil:
“2014-cü ilin sonundan ölkədən çıxışıma qadağa qoyulub. Ölkəmdə olmaqdan həmişə sevincliyəm, amma hüquqlarım illərdir pozulub"
İllər öncə ölkəni tərk etməkdə məqsədinin müalicə almaqla bağlı olduğunu bildirən jurnalist hal-hazırda səhhətində hər hansı problem olmadığını, göstərilən bu münasibəti hüquq pozuntusu hesab edir:
"2014-cü ildə Türkiyədə müayinə olundum, müalicə başlandı, amma ölkədən çıxışıma qadağa qoyulması ilə hər şey dayandı. Detallarını yazmaq mənə xoş deyil, həm də elə çıxmasın ki, mənim ölkədən sərbəst çıxış hüququm “xəstəyəm, getməliyəm” dəlili üzərində qurulmalıdır. Mən humanizmə çağırış etmirəm. Mənim hüquqlarım pozulur. Sağlıq durumum tam normal olsa belə, hökumətin bizimlə belə davranmaq haqqı yoxdur. Mənimlə bərabər bir çox insanın eyni hüququ pozulur."
Şahvələd Çobanoğlu hadisənin təfsilatını da yazıb:
"Dünən – 14 avqust 2018-cü ildə Şimal bölgəmizdə yas məclisinə getmişdim, sərhəd keçid məntəqəsinin yaxında olduğunu düşünüb, xərcsiz ötüşdüyünü nəzərə alıb, sərhəd buraxılış məntəqəsinə getdim. Heç hara getmirdim, yoxlanış edirdim, necə deyərlər, hüququmu test edirdim. Keçib dərhal geri dönəcəkdim. Buraxmadılar, sərhəd idarəsinə gətirdilər, nələrisə dəqiqləşdirib, bir müddət sonra “baş prokurorluq çıxışınıza qadağa qoyub” izahı ilə məni geri göndərdilər".










