Daha bir sayta xəbərdarlıq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi Xidməti "arqument.az" saytına xəbərdarlıq məktubu göndərib. Məktubda iki yazının saytdan çıxarılması tələb olunur. Bu barədə Şəmşad Aga bildirib.
Onun sözlərinə görə, həmin yazılar Laçın rayonu qaçqınlarının kəskin sosial problemləri ilə bağlıdır.
Bunlar "Laçınlılar icra başçısından narazı olduqlarını deyirlər" və "Rayon sakinləri: "İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır" sərlövhəli məqalələrdir.
Məktubu Mərkəzin direktoru Faiq Fərmanov imzalayıb. Məktubda bildirilir ki, yazılar silinmədiyi halda məhkəməyə müraciət ediləcək.
Redaktorun sözlərinə görə, redaksiya məktubu siyasi sifariş və söz azadlığına basqı kimi dəyərləndirir.










