Övladına rus dili təhsili vermək nə dərəcədə doğrudur?

Firudin Cəlilov: “Rus dilində təhsilin əleyhinə, bu dilin öyrənilməsinin isə tərəfdarıyam”
Vəfa Rəşidova: “Rus dilində təhsil almanın müsbət tərəfləri daha çoxdur”
Rus dilində təhsilin artması ilə bağlı məsələ son günlərdə yenidən müzakirə olunmağa başladı. Sosial şəbəkələrdə, mətbuatda rus dilli siniflərin təhlükəli olduğunu, nəhayət ki, bağlanılması ilə bağlı fikir səsləndirənlərlə yanaşı bunun müsbət tərəflərini qeyd edənlər də oldu. Maraqlıdır ki, son bir neçə ildə orta məktəblərin rus bölməsinə maraq xeyli artıb. Ekspertlərin əksəriyyəti rus dilində təhsilin Sovet imperiyasının qalıqlarından biri olduğunu vurğulayır və bildirirlər ki, ölkədə rus dilinin inkişafı üçün kifayət qədər böyük baza var və bu təhsildə rus bölməsinin üstün olmasına gətirib çıxarır. Bunun üçün də birmənalı olaraq ölkədə ana dilində təhsilin məcburi və alternativsiz olmasının vacibliyini vurğulayırlar.
Araşdırmalar zamanı məlum olur ki, təkcə rus dilli ailələr deyil, bu dili zəif bilən valideynlər də çalışır ki, övladları rus bölməsində təhsil alsın. Bəs rus dilində təhsil nə dərəcədə doğrudur? Evdə öz ana dilində, məktəbdə isə rus dilində danışmaq məcburiyyəti uşaqlara necə təsir buraxır?
Məsələ ilə bağlı bir sıra ekspertlərin rəylərini öyrənməyə çalışdıq.
Keçmiş təhsil naziri, ekspert Firudin Cəlilov mövzuya qısaca olaraq şərh bildirdi: “Bu haqda dəfələrlə mövqe bildirmişəm. Hər zaman demişəm, rus dilində təhsil alınmasının əleyhinə, bu dilin öyrənilməsinin isə tərəfdarıyam”.
Digər təhsil eksperti Məlahət Mürşüdlü isə qeyd etdi ki, valideyn övladına hansı dildə istəyirsə təhsil verə bilər, bu onun hüququdur: “Amma milli kimlik, ana dilində təhsil, tərbiyə vermək məsələsi də var. Kiçik yaşlarından buna başlamaq doğru olardı. Lakin bizdə son dövrlərdə tam tərsinədir, rus dilinə meyl, maraq artmaqdadır. Get-gedə müşahidə edirik ki, orta məktəblərdə rus dilində olan siniflərin də sayı artır. Bu sözsüz ki, düşündürücü haldır, sanki 1970-80-ci illərin vəziyyətinə qayıdırıq, bu həddəyik. O dövrdə rus dilli siniflərin çoxluğundan Azərbaycan dilində olan siniflərin bağlanılmasına səbəb olurdu. 1960-cı illərdə də belə bir hal yaşanırdı və bunun əsası var idi. Lakin indiki halda bu cür vəziyyətə doğru gedilməsi acınacaqlıdır.
Mətbuatda gedən müzakirələri də izləyirik, bəziləri deyir ki, rus dilində olan siniflər bağlanmalıdır. Fikrimcə müstəqil ölkənin məktəblərində təhsil ancaq və ancaq ölkənin öz doğma dilində aparmalıdır. Məktəb dövlətin olmalı və təhsil ana dilində aparılmalıdır. Digər xarici dildə kimsə məktəb açmaq istəsə buyursun, xərcini də özü çəksin. Məsələn, biz müşahidə edirik ki, ölkədə fransız, ingilis dilli məktəblər, türk liseyləri var. Bu cür məktəbləri həmin ölkələrin özləri açır, maliyyələşdirilməsini də özləri aparırlar. Düşünürəm ki, rus dilində təhsilin qarşısının alınması üçün bu təcrübədən istifadə edilməlidir. Yəni, rus dilində olan məktəblər dövlətin hesabına maliyyələşdirilməməlidir. Həmin məktəbdə işləyən müəllimlər dövlətin hesabına maaş almamalı, onun maddi-texniki təminatını dövlət aparmamalıdır”.
Ekspert valideynlərin rus dilinə olan marağından da danışıb: “Valideynlərlə bu haqda danışanda onların bir qismi bildirir ki, övladlarının bu dili bilməsini istəyirlər. Digər qismi isə Azərbaycan dilli siniflərdə yüksək səviyyədə təhsil verilmədiyini əsas gətirir. Rus dilli məktəblərdə isə bu məsələ tamam tərsinədir. Birinci əsasla razı olmasam da, ikinci qeyd edilən məsələni çox düşünmüşəm və bu müzakirə olunası bir məsələdir. Sovet dövründə də müşahidə edirdik ki, rus dilli siniflər qüvvətli olurdu. O mənada ki, təlim-tərbiyənin bütün məşqləri müasir tələbə cavab verirdi.
Bu gün rus bölməsində çalışan müəllimlərin 99,2 faizi azərbaycanlıdır. Deyə bilmərik ki, bu cür siniflərdə tam ruslar işləyir, onlar adətən çalışan olur və sairə. Lakin biz onun şahidi oluruq ki, həmin azərbaycanlı müəllimlərin şagirdləri ilə rus dilli bölmənin şagirdləri arasında tam düşüncə tərzi, davranışları, dünya görüşləri, valideynlərlə müəllimlərin münasibəti şagirdlərlə müəllimlərin əməkdaşlığı, münasibəti tam fərqlidir. Təəssüflər olsun ki, bu fərq özünü qabarıq şəkildə göstərir və bunu valideynlər də görür. Və valideynlərin övladlarını rus bölmələrində təhsil almasına maraq göstərməsinin ən başlıca səbəbi deyərdim ki, budur”.
Məlahət Mürşüdlü onu da qeyd etdi ki, rus dilli siniflərdə təhsil alan şagirdlər sonradan təhsillərində problemlərlə rastlaşır: “Valideynlər diqqət etmir ki, evdə rus dilində danışılır ya yox, bir neçə ildən sonra bu uşaqların taleyi, təhsili necə olacaq, uşaq bu dili tam öyrənə biləcəkmi və sairə. Bunları düşünmədən valideyn övladının əlindən tutub rus dilli sinfə aparır. Buna görə də rus dilində olan ibtidai siniflərin sayı göbələk kimi artmağa başlayıb. Bunun qarşısını almaq lazımdır. Bunun üçün də ibtidai sinif müəllimləri təhsilə, təlim-tərbiyəyə baxışlarını dəyişməlidirlər”.
Psixoloq Vəfa Rəşidova isə qeyd etdi ki, rus dilində təhsil almanın müsbət tərəfləri daha çoxdur: “Bəli, son zamanlarda valideynlərin övladlarını rus dilində təhsil almasına maraq artıb. Təbii ki, bunun mənfi və müsbət tərəfləri var. Lakin demək olmaz ki, uşaqlar bundan psixoloji sarsıntı keçirir. Sadəcə bu cür uşaqlarda bir qədər fikir, düşüncə ayrılıqları olur, baxış bucaqları da fərqlənir. Psixoloq kimi bu məsələnin mənfi tərəflərini görmürəm, çünki müsbət tərəfləri çoxdur. İnsan nə qədər çox dil bilərsə, onun dünya görüşünün artması deməkdir. İnsan bu balansı, öz dilini, mentalitetini qoruyub saxlayırsa, burada mənfi bir şey axtarmaq lazım deyil. Lakin insan əgər lazım olmayan yerlərdə bu dildən istifadə edirsə və bundan öyünürsə bu psixoloji problemlərdən xəbər verir”.