Şagirdlərin qiymətləndirməsində dəyişikliyə reaksiyalar

Məlahət Mürşüdlü: “Yeni islahatlara keçidə müəllimləri mütləq hazırlamaq lazımdır”; Kamran Əsədov: “Summativlər zamanı tərtib edilmiş test tapşırıqları kurikulum standartlarına və dövlətin tələblərinə cavab vermir”
Summativ qiymətləndirmədə dəyişikliklərin edilməsi barədə sənədin təhsil mütəxəssisləri ilə müzakirəsi davam edir. Qeyd edək ki, summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ qiymətləndirmə əsasında şagirdlərin illik qiymətləri formalaşır. Təhsil Nazirliyinin mətbuata verdiyi açıqlamaya görə, 1-ci siniflərdə summativ qiymətləndirilmə, ümumiyyətlə, ləğv edilə bilər. Sənədə əsasən, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur. 5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir.
Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur: “Hələlik bunlar təklif şəklində müzakirədədir. Layihə təsdiq olunacağı halda o, 2018-2019-cu tədris ilində tətbiq ediləcək”.
Ancaq bir sıra mütəxəssislər bunun ləğvini düzgün hesab etmədiyini bildirsə də, bəzi mütəxəssislər bu üsulda səhv olduğunu və onların düzəldilməyə ehtiyac olduğunu düşünür.
Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, yeni islahatlara keçidə müəllimləri mütləq hazırlamaq lazımdır: “Summativ qiymətləndirmədə problemlər var idi. Bilirsiniz ki, bizim ümumi orta təhsil məktəbləri 2007-ci ildən kurikulum proqramı ilə işləyir. Bu günə qədər olan summativ qiymətləndirmə yazı-pozu işlərinə çox yol açırdı. Eyni zamanda da şagirdin bilik və bacarıqlarının qiymətləndirilməsi obyektivliyi pozulurdu. Bu, qiymətləndirmənin özündən gələn bir problem idi. Ona görə də burada sadələşdirilməyə, islahat aparılmağa ehtiyac var idi. Hazırda bu müzakirələr gedir. Sözsüz ki, 1-ci sinifdən şagirdə 4-5 qiymətinin qoyulması düzgün deyil. Ətrafımıza baxsaq heç bir təhsil sistemində bu məsələlərin olmadığını görərik. Düşünürəm ki, indi aparılması gözlənilən islahatlar orta məktəblərdə mövcud olan formalizmi aradan qaldıracaq. Daha real şəkildə summativ qiymətləndirmə aparılmasına imkan yaradacaq. Burada təkcə kurikulum işi yox, həm də şagirdlərin həyatda bacarıqları da qiymətləndirilməlidir. Fikrimcə, bu sənəd bir çox problemləri aradan qaldırmağa xidmət edəcək”.
M.Mürşüdlü 100 ballıq qiymətləndirmə sisteminə keçidin artıq zamanı gəldiyini və bunun olduqca vacib olduğunu da bildirdi: “100 ballıq qiymətləndirmə sistemində yuxarıda sadaladığımız problemlər yoxdur. Təbii ki, yekun qiymətləndirmə uşaqlar yorulsa da, yorulmasa da olmalıdır. Biz hamımız bu prosesdən keçmişik. Ancaq burada pilləli qiymətləndirmə var. Ona görə də bu hesabatların hazırlanmasında, sənədlərin doldurulmasında formalizmə gedir. Faydalı, praktiki iş qalır bir kənarda, adamlar yalnız o sənədi, bu sənədi doldurmaqla məşğul olur. Çox müəllim heç bunu bacarmırdı. Düşünürəm ki, yeni islahatlara keçidə müəllimləri mütləq hazırlamaq lazımdır. Xüsusən də universitetlərdən gəlib yenicə müəllim işləyən məzunları. Onlar qiymətləndirmədə çox əziyyət çəkir”.
Digər təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, kiçik və böyük summativlər mütləq keçirilməlidir, bir şərtlə ki, formal xarakter daşımasın: “Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagirdin dərsə qayıtdıqdan sonrakı bir ay ərzində BSQ-də iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti ”0" qəbul olunur. Hesab edirəm ki, məktəbdaxili qiymətləndirmə, summativlər ləğv olunsa, belə yeni qiymətləndirmə növü müəyyənləşdirilməlidir. Çünki şagirdin bilik və bacarığı mütləqdir ki, hər hansı bir şəkildə ölçülsün və nailiyyətlər qiymətləndirilsin.
Düzdür, summativlərin ləğv olunmasının müsbət cəhəti odur ki, müəllim üçün əlavə vaxt və vəsaitin sərfinə ehtiyac qalmayacaq və yalnız kiçik summativlə bilik və bacarığın qiymətləndirilməsi bəzən bəzi usaqlar üçün bəsit qala bilir. Çünki şagird var ki, gündəlik dərsə hazırlığı kifayət qədərdir, lakin summativlərdə zəif nəticə göstərir. Və ya əksinə, eyni variantlı testlərdə şagird köçürüb yüksək qiymət əldə edə bilər. Yaradacağı ən ciddi problemlərdən biri isə təhsildə, qiymətləndirmədə bir qədər fasilə yarada bilər. Ümumilikdə qeyd edim ki, kiçik və böyük summativlər mütləq keçirilməlidir, bir şərtlə ki, formal xarakter daşımasın.
Yersiz köçürmə halları olmasın. Şagirdlərdə əlavə məsuliyyət yaratması baxımından bu imtahanlar çox önəmlidir. Şagird nailiyyətlərinin müntəzəm izlənməsinə şərait yaradan əsas amildir. Mütləq deyil ki, bu imtahanlar ancaq test imtahanı kimi olsun. Müxtəlif qiymətləndirmə vasitələri var. Kiçik summativlər çox mühüm diaqnostik vasitədir. Təəssüf ki, orta məktəblərimizdə keçirilən summativlər zamanı tərtib edilmiş test tapşırıqları kurikulum standartlarına və dövlətin tələblərinə cavab vermir. Təqdim olunmuş test tapşırıqları ənənəvi test modellərindən istifadə olunmaqla keçirilir ki, bu da gələcəkdə DİM buraxılış və qəbul imtahanları keçirəndə ciddi problemlər yaradır. Belə ki, 2017-ci ilin mart ayında keçirilmiş kurikulum standartları əsasında buraxılış imtahanlarının nəticəsində şagirdlərin 75 faizi qeyri kafi nəticə göstərmişdi. Reallıq ondan ibarətdir ki, orta məktəblərdə yalnız sənədlər üzərində kurikulum standartlarına uyğun tədris aparılır. Reallıqda isə bu həyata keçirilmir. Bunun da əsas günahkarı məktəbə rəhbərlik edən direktorlardır ki, orta məktəbdə standartlara uyğun tədris prosesini qura bilmirlər."