Məktəbdən kənar qalan qızlar: ekspertlər problemdən çıxış yolu təklif edirlər

Qız uşaqlarının təhsil almasında müvafiq qurumlarla birgə valideynlər də məsuliyyət daşıyır...
Bakı kəndlərində qızların təhsildən kənarda qalması məsələsi gündəmə gətirilib. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva komitənin iclasında bildirib ki, bu gün Azərbaycanın ən ucqar kəndlərində belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib ali məktəbə qəbul olur.
“Amma burdan-bura Bakıətrafı bütün kəndlərdə qızlara qadağa qoyulub. Bu kəndlərin çoxunda valideyn 14-15 yaşındakı qızını məktəbdən çıxarıb nişanlayır. Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb sonra toy edirlər. Bunun səbəbini soruşduqda cavab olaraq ”əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar" deyirlər. Biz bu streotipi ləğv etməliyik. Bununla heç cür razılaşmaq olmaz. Əgər gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə o nəslin anası təhsil almalıdır. Bu gün mövcud olan problemlər, eləcə də Nardarandakı problemlər də belə hadisələrlə bağlıdır. Təklif edərdim ki, biz həmin kəndlərin daxil olduğu rayonların icra başçıları və təhsil şöbələri, oranın məktəb müəllimləri ilə danışaraq onlarla tədbirlər keçirək. Sovet dövründə kim dərsə getmirdi, müəllimlər bir-bir evlərə gedib səbəblərini soruşurdu, məsələyə ciddi yanaşılırdı. Amma indi nədənsə müəllimlər və məktəblər bu məsələnin qarşısında susurlar. Bu hal hətta kütləvi xarakter daşıyır. Bakı kəndlərində “qız uşağı nədir, 8-9 sinifdən sonra təhsil almaq nədir” fikri tam geniş yayılıb. Bu istiqamətdə hər birimizin əməli şəkildə iş görməsinin tərəfdarıyam", - deyə komitə üzvü qeyd edib.
Məsələ ilə bağlı danışan təhsil üzrə ekspert Məlahət Mürşüdlü bildirdi ki, sovet dönəmində icbari təhsil tətbiq olunurdu və heç kim məktəbdən qala bilməzdi: “Buna çox ciddi yanaşılırdı. Məsələ odur ki, qanunda 9 illik icbari təhsillə bağlı dəyişiklik edildi. 2009-cu ildə bu qanun qüvvəyə minən ərəfədə də qeyd edirdik ki, bu, yolverilməzdir. Çünki uşaqların 9-cu sinifdən sonra təhsildən yayınma halları çoxalacaqdı. Deyirdik ki, bu, kütləvi hal alacaq və nəticədə ölkədə yeniyetmələr tərəfindən törədilən cinayətlər də çoxalacaq. Eyni zamanda qızların təhsildən yarımçıq çıxarılması da valideynlərə bir fürsət olacaq və deyəcəklər ”9 il oxudu, daha bəsdir".
Hacı Zeynalabdin Tağıyev deyirdi ki, anaları təhsilsiz olan millət kordur. Biz də icbari təhsili 9 illik etməklə analarımızın təhsilinin yarımçıq qalmasına, millətimizin isə bu baxımdan kor olmasına səbəb olduq. Çünki icbari təhsilin özü də qızların məktəbdən yayınmasına əsas motivasiyadır. Gövhər xanımın qaldırdığı məsələ ilə tam razıyam. Təkcə Bakı ətrafında olan kəndlər deyil, cənub bölgəsində, şimal kəndlərində də vəziyyət eynidir. Kəndlər var ki, 9-cu sinfə çatan kimi valideynlər qızlarını məktəbdən çıxarıb, ya ərə verirlər, ya da evdə oturdurlar. Çünki onların təhsillərini davam etdirmələri üçün bizdə yetərincə peşə-texniki məktəbləri yoxdur. Həmçinin kolleclər də ödənişlidir. Nəticədə qızlar evlərdə otururlar və təhsilsiz nəsil böyüyür. Bu, ölkənin də iqtisadi rifahına zidd olan məsələdir. 11 illik təhsil alarlarsa heç olmasa onlar hüquqlarını az çox öyrənərlər, sosial davranışlara, mənəvi dəyərlərə sahib olarlar. Halbuki 9 illik icbari təhsildə bunların hamısı yarımçıq qalır. Getdikcə təhsilsiz qızların sayı artır ki, bu da qeyd etdiyimiz qanundan irəli gələn məsələdir".
Digər təhsil eksperti Etibar Əliyev isə məsələdə daha çox valideynlərin günahkar olduğunu vurğuladı: “Əlbəttə ki, sovet hökuməti vaxtı təhsildən yayınmaq çox çətin məsələ idi. Ancaq indinin özündə də xeyli tədbirlər görülür ki, heç bir şagird təhsildən yayınmasın. Buna baxmayaraq, bir çox bölgələr var ki, sanki orada qız uşaqlarını məktəbə qoymamaq ənənəvi xarakter daşıyır. Əlbəttə ki, bu, yaxşı hal deyil. Hesab edirəm ki, indiki dövrdə qızların savadlı olmaları, heç olmasa kollec oxumaları çox vacib məsələdir. Təkcə bu, qadının savadlı olması ilə bağlı deyil. Həm də gələcəkdə övladlarını düzgün tərbiyə etmək mənasında da çox vacibdir. Ona görə də ciddi maarifçilik işləri aparılmalıdır ki, qızlar məktəbdən qalmasınlar. Digər tərəfdən, burada təkcə məsələ məktəbin təşviqi ilə bağlı deyil. Bu, sırf olaraq valideynlərlə bağlı olan məsələdir. Hansı ki, bu gün valideynlər savadsız analarla, savadlı anaların fərqini çox gözəl bilirlər. Bunu bildikləri halda övladlarının təhsildən yayınmalarına yol açırlarsa, əslində bu hal gələcəkdə həm də qızların bədbəxtçiliyinə səbəb olacaq məcrada cərəyan edə bilər. İndinin özündə də 9 illik icbari təhsildir və ən azı övladlarının 9 il təhsil almaları üçün valideynlər təşəbbüs göstərməlidirlər. 9 illik təhsildən sonra hazırda regionların əksəriyyətində kolleclər fəaliyyət göstərir. Təhsili davam etdirmək üçün övladlarına şərait yaratmalıdırlar. Yəni burada qeyd etdiyim kimi, təkcə məktəb direktorları, aidiyyəti qurumlar deyil, valideynlər də böyük rol oynayırlar. Valideyn əlindən gələni etməlidir ki, xüsusilə də qız uşaqları təhsil alsınlar”.