Diplomu tanınmayanlar yenidən imtahan ediləcək

Son günlərdə xarici ölkələrdə oxuyub gələn gənclərin diplomlarının Azərbaycanda tanınmaması məsələsi aktual mövzulardan birinə çevrilib. Belə ki, son bir ildə 900-ə yaxın Azərbaycan vətəndaşının diplomu Azərbaycanda tanınmayıb.
“Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Qaydalara əsasən dünyanın 500 ali təhsil müəssisəsini bitirəcək məzunların diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq. Hazırda qaydalar yekun müzakirə mərhələsindədir və yaxın müddətdə təsdiq olunması üçün hökumətə təqdim olunacaq”. Bu barədə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev APA-ya açıqlamasında qeyd deyib.
İdarə rəisi qeyd edib ki, yeni qaydalara əsasən dünya üzrə 500 ali təhsil müəssisəsinin siyahısı dərc olunacaq. Onun sözlərinə görə, dünya reytinqli həmin təhsil müəssisələrinin məzunlarının diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq: “Həmin siyahıda nəzərdə tutulmayan digər təhsil müəssisələrini bitirən məzunların diplomları isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlar əsasında bilik və bacarıqlarını təsdiq etdirdikdən sonra nostrifikasiya ediləcək”.
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev öz ölkələrində belə tanınmayan universitetləri bitirənlərin Bakıda yenidən imtahan edilməsinin normal qərar olduğunu dedi: “Burada söhbət tələbələrin adlarını hansısa ali məktəbə yazdırmalarından, yaxud akademik arayış gətirməsindən getmir. Həm də Təhsil Nazirliyi tərəfindən tələbələrin semestr boyu sessiyalarda iştiraklarının sənədlərinin tələbi, həmin ölkəyə gediş-gəliş qeydiyyatları tələb olunur, aldıqları zəruri biliklər yoxlanılır. Əlbəttə ki, bu qərar normal qərardır. Söhbət Oxford kimi dünya şöhrətli universitetlərdən getmir. Sadəcə olaraq, elə universitet adları ortaya çıxır ki, həmin universitetləri heç öz ölkələrində belə tanımırlar. Ona görə də bu cür universiteti bitirən uşaqların yenidən imtahan edilməsi normal qarşılanmalıdır. Əgər prosedur qaydalarında bir nöqsan yoxdursa, həmin diplomlar təsdiqlənir və Təhsil Nazirliyinin imzası ilə müvafiq sənəd verilir. Burada əsas məqsəd saxta ali təhsilin qarşısını almaqdır. Saxta yolla postsovet məkanına daxil olan ölkələrin universitetlərində, Avropada və digər ölkələrdə saxta sənəd əldə etməklə müəyyən idarə və təşkilatlarda işə cəlb olunmağa cəhd göstərirlər. Bu idarə və təşkilatlar isə təhsillə bağlı prosedur qaydalarını yoxlamaq iqtidarında deyillər. Ölkədə təhsil siyasətini həyata keçirən qurum Təhsil Nazirliyi olduğundan, əlbəttə ki, bu sənədlər yoxlanılmalıdır”.
Təhsil eksperti dövlət xətti ilə, yəni “Azərbaycan vətəndaşlarının xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” yenidən bərpa olunarsa, bunun çox yaxşı nəticələr verə biləcəyini dedi: “Bu proqram ölkənin kadr potensialını tamamlayan, inkişaf etdirən bir proqram idi. Mən çox təəssüflənirəm ki, o proqram dayandı. Azərbaycan üçün lazım olan strateji sahələr, eyni zamanda hansı sahədəki yüksək səviyyəli kadrlar çatışmır, həmin proqram əsasında təhsil alıb gələnlər şübhəsiz ki, o tələbi yerinə yetirə bilirdi. Maraqlı bir məqamı qeyd edim. Qazaxıstan 1992-ci ildən xarici ölkələrə minlərlə magistr və bakalavr təhsili almaq istəyənləri aparıcı universitetlərə göndərir. Bunun da artıq çox yaxşı nəticələri var. Bizdə isə bu proqram çox qısa bir vaxtda oldu və çox qısa bir vaxtda da qapandı. Budavamlı olmalı idi. Biz artıq həmin proqramla oxuyub gələn gənclərin həmin sahələrdə mütəxəssis kimi çalışdığını görürdük. Bunlar həm də insan kapitalının inkişafına önəm verə bilən bir faktor idi. Əgər bu proqram bərpa olunsa, kənar faktorlar, hansısa tanınmayan universitetdən məzunun diplomunu tanınması və sairə ikinci, üçüncü dərəcəli məsələlərə çevrilə bilər”.