Bilik günü - bizdə və dünyada

Bir çox ölkələrində dərs ili sentyabrda başlamır, Yaponiyada isə şagirdlər bütün il boyu oxuyur...
3 gündən sonra - sentyabrın 15-i yeni dərs ili başlanır. İllər öncə ölkədə tədris ili sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşıb. Sentyabrın 1-i həm də Azərbaycanda Bilik günü kimi qeyd edilirdi. Ancaq sonradan bu tarix dəyişildi və uzun illərdir ki, dərs ili sentyabrın 15-i başlayıb iyunun 15-də yekunlaşır.
Bəs dünya ölkələrində dərs ili nə vaxt başlayır?
Demək olar, əksər ölkələrdə dərs ili sentyabrın 1-i başlayır. Məsələn, Fransa, İrlandiya, Belçika, Polşa, Çexiya, Estoniya, Litva, Macarıtan, Sloveniya, Rusiyada da dərs ili 1 sentyabrda və ya sentyabrın ilk bazar ertəsi günü başlayır. Slovakiyada isə yeni dərs ili bir gün sonra, yəni sentyabrın 2-də başlayır, çünki sentyabrın 1-də ölkədə milli bayram - Konstitusiya günü qeyd olunur. İngiltərədə yeni dərs ili sentyabrın ilk həftəsində başlayır və bir qayda olaraq iyulun ortalarında başa çatır. İstisna hal kimi yalnız Şotlandiyada dərslər avqustun ortalarından start götürür.
Böyük Britaniyada tədris ili 3 rübdən ibarətdir. Rüblər arasında bir həftəlik qısamüddətli tətillər nəzərdə tutulur. Məktəbə 4-5 yaşında gedir, 15-16 yaşında başa vururlar. Bütün məktəblərdə dərs günü səhər saat 9-da başlayır, 15-də başa çatır. Günün ikinci yarısında uşaqlar öz vaxtlarını idmana, dərnəklərdəki müxtəlif məşğələlərə həsr edə bilərlər. Avstriya, Vyana və Aşağı Avstriyada yeni tədris ili sentyabrın ilk bazar ertəsi, digər əyalətlərdə bir həftə sonra başlayır. Ölkədə belə bir ənənə var: ilk dərs günü həm şagirdlər, həm də valideynlər məktəbə milli paltarda gəlirlər.
Finlandiyada yeni dərs ili avqustun 15-də başlayır. Gündəliklər yoxdur, valideynlər ayda bir dəfə uşaqların təhsil uğurlarına dair bildiriş vərəqi alırlar. Finlandiyanın təhsil qanununa görə, dərs ili 188 gün davam edir və mayın 31-də başa çatır. İspaniyada isə dərs ili oktyabrın 1-i başlayır. Tədris ili üç rübdən ibarətdir və iyunun ortalarında başa çatır. Şagirdlərin bilikləri 1-10 balla qiymətləndirilir. İspaniyalı şagirdlərin gündəlikləri yoxdur. Ev tapşırıqlarına və lövhə qarşısında verilən cavablara görə də qiymətlər yazılmır. İspaniya məktəbliləri yay tətilində (iyunun 20 -dən), Pasxa bayramı şərəfinə bir həftə, Milad bayramında isə iki həftə ərzində istirahət edirlər.
Almaniyada uşaqlar məktəbə avqustun ortalarında və ya sentyabrın əvvəllərində göndərilir. İlk tədris ilində birinci sinfə gələn almaniyalı şagirdlər məktəbə “Birincinin torbası” ilə gəlirlər ki, valideynlər bu torbaya uşaqları üçün hədiyyə qoyurlar. Orada şirniyyat, dəftərxana ləvazimatı, kitab ola bilər. XIX əsrdə bu ənənə yenicə yarananda torbaya, məsələn, çəkmə də qoya bilərdilər. Yeri gəlmişkən, torbanı uşaqlar kağızdan yapışdıraraq özləri hazırlayırlar, valideynlər isə hədiyyə ilə doldururlar.
Kanadada da dərslər sentyabrın ilk çərşənbə axşamından sonra dövlət bayramı olan və yayın bitməsini simvolizə edən “Əmək günü”ndən sonra başlayır. Kanadada valideynlər uşaqları üçün tədris proqramını özləri seçə, zəruri hesab etdikləri hallarda isə müəllimləri evlərinə dəvət edə bilərlər. Qiymətləndirmə faizlərlə aparılır. Məsələn, 50-60 faiz “qaneedici”, 65-75 faiz “yaxşı”, 80-90 faiz “əla” deməkdir. Meksikada isə dərslər avqustun sonuncudan əvvəlki bazar ertəsi başlayır. Qonşu Rusiyada isə hamımıza tanış olan tədris ili mövcuddur: 1 sentyabr - 25 may. Dərs ili 4 rübdən ibarətdir.
Qeyd edək ki, Azərbaycanda da 2004-cü ilədək bu sistem mövcud olub. Yaponiyada isə şagirdlər il boyu oxuyurlar. Yaponiyalı şagirdlər üçün məktəbin qapıları aprelin 1-də açılır. Məhz həmin gün ölkə əhalisi üçün gənclik, gözəllik və yeni həyatın başlanması rəmzi olan sakura çiçəkləməyə başlayır. Bu ölkədə təhsil ili üç rübdən ibarətdir. Göründüyü kimi, yaponlarda bir neçə aylıq tətil mövcud deyil.
Hindistanda yeni dərs ili iyun ayında başlayır, mart ayında başa çatır. Burada uşaqlar I sinfə 4 yaşından gedirlər. Məktəblərin çoxunda tədris ingilis dilindədir. Buna görə də ölkə əhalisinin əksəriyyəti ingilis dilini yaxşı bilir. Uşaqlar həm dövlət, həm də özəl məktəblərə gedirlər. Hindistan məktəblərində yalnız kişilər dərs deyir. Riyaziyyat ən şərəfli fənn sayılır. Hər bir məktəbin öz xüsusi məktəbli forması var, uşağa baxdıqda onun hansı məktəbdə oxuduğu dərhal bəlli olur. Böyük tətillər Hindistanda ən isti aylarda - may və iyunda başlayır. Məşğələlər iyulun əvvəlində, istilər bir qədər səngiyəndə bərpa olunur.
ABŞ-da dərs ili adətən sentyabrın əvvəlində başlayıb, avqustun ikinci yarısında başa çatır. Bəzən isə dərslər sentyabrın sonunda, hətta oktyabrın əvvəlində də başlayır. Pakistanda isə dərs ili avqust ayında başlayıb, may ayında başa çatır. Burada qızlar ayrı, oğlanlar isə ayrı siniflərdə oxuyurlar.