Sərkisyan günahının bağışlanması üçün Ruhaniyə minnətçi düşdü

Tehran İsraillə əlaqələr yaradan İrəvanın “nəfəsini” kəsə bilər; politoloq: “İrəvan İrandan tam arxayın deyil”
Ermənistan prezidenti Serj Sərkisyanın hövlnak özünü Tehrana çatdırması nəzərlərdən qaçmadı. Əslində işğalçı ölkənin rəhbərliyini anlamaq çətin deyil. Ümid bəslədiyi Rusiyaya, eyni zamanda Ermənistan üçün “nəfəslik” rolunu oynayan İrana qarşı ABŞ-ın tətbiq etdiyi sərt iqtisadi sanksiyalar İrəvanı da çətin duruma salıb. Belə bir situasiyada S.Sərkisyan ora-bura vurnuxaraq çıxış yolu axtarır.
Elə onun İrana son səfəri də bu çıxılmazlığın nümunəsidir. Ötən həftə Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. İstiPress-in erməni mediasına istinadən yaydığı məlumatına görə, Ruhani bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir. O, Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinə nail olacağına ümid etdiyini deyib. İran prezidentinin sözlərinə görə, tərəflər məsələnin həlli üçün möhkəm iradəyə sahibdir və müzakirələrin müsbət nəticələnəcəyi üçün əlverişli çıxış yolu tapacaq. Sərkisyan da həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib. Əslində Qarabağla bağlı Tehranın siyasətində hər hansı dəyişikliyin olacağını gözləməyə dəyməz. Ancaq diqqəti cəlb edən S.Sərkisyanın özünü Tehrana yetirməsidir. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan iranlı həmkarı Həsən Ruhaninin inauqurasiyasında iştirak etmək üçün Tehrana səfər edən 8 prezidentdən biri oldu. İran-Ermənistan münasibətlərinin indiki durumu hər kəsə bəllidir. Lakin son vaxtlar Tehranın İrəvana qəzəbinin tutacağı barədə ehtimallar da artmağa başlayıb. Səbəbinə gəldikdə, İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbi Ermənistana 3 günlük səfərini xatırlatmaq lazım gəlir. Qeyd edək ki, avqustun əvvəllərində reallaşan səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutub. Ermənistan mətbuatının verdiyi xəbərə görə, Haneqbi son 10 ildə İrəvanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan “İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən sayılır. Lakin bu dövlət Ermənistana da silah satmağa hazırdır. Əgər bu, baş tutarsa onların verdiyi qiymət təklifi və digər faktorlardan asılı olacaq”-deməklə İranı qıcıqlandırıb.
Xatırlayırsınızsa, Bakı-Təl-Əviv münaisbətlərinə Tehrandan vaxtaşırı qıcıqlı reaksiyalar gəlib və Azərbaycana müxtəlif səviyyələrdə iradlar bildirilib. Azərbaycanın xarici siyasətini müstəqil formalaşdırmaqda israrlı olduğunu anlayan Tehran buna cavab olaraq işğalçı Ermənistanı himayə etmək istiqamətində davamlı addımlar atıb, müsəlman qonşusunun ərazilərini zəbt edən İrəvana dəstəyini əsirgəməyib.
Bu mənada tamamilə gözlənilən idi ki, İran rəhbərliyi İsrail-Ermənistan əlaqələrinə də sərt reaksiya verəcək. Əslində ilk reaksiya gəldi. Belə ki, İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amuli ötən həftə APA-nın Tehran bürosuna verdiyi müsahibədə bir sıra fikirləri ilə diqqət çəkdi. Onun “İran və Azərbaycan bir millət-iki dövlətdir” deməsi, Qarabağla bağlı Azərbaycanın mövqeyindən çıxış etməsi, aprel döyüşlərində Azərbaycan ordusunun daha geniş əraziləri azad etməli olduğunu dilə gətirməsi maraqlı yanaşmalar idi. Üstəlik, Amuli Azərbaycan ordusunun aprel döyüşlərində daha geniş əraziləri azad etməli olduğunu söylədi. Eyni zamanda Qarabağın ermənilərin işğalı altında olduğunu bildirən Amuli problemin həll olunmamasında 3 dövlətin - Rusiya, ABŞ və həmişəki kimi İsrailin adını çəkməsi də İrəvana mesajdır. Bu mənada heç şübhəsiz S.Sərkisyan İrandan daha ciddi mesajların gələc biləcəyindən, Ermənistanın “nəfəsliyinin” qapadılacağından ehtiyatlandığı üçün özünü Tehrana yetirib.
Politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki,
İrəvan Rusiyadan hərtərəfli dəstək alır və bu dəstəkdən məmnundur: “Rusiya Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində maraqlı deyil. Bu da İrəvana bəllidir. Ancaq İrəvan İrandan tam arxayın deyil. Doğrudur, İran illərdir Ermənistan üçün nəfəslik rolunu oynayır və Qarabağ məsələsində neytrallığını qoruyur. Ancaq İrəvan qorxur ki, bir gün İranın mövqeyi dəyişə də bilər. Elə bunu İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin APA agentliyinə son müsahibəsi də sübut edir. Amulinin açıqlaması 4 hissədən ibarət idi. Birinci hissədə o Azərbaycanla İranın vahid tarixi biliyindən danışıb. İkincisi, Amuli ötən il aprel döyüşlərində qazanılan nəticələri alqışlayıb, hələ deyib ki, bu az idi, daha çox torpağı işğaldan azad etmək lazım idi. Üçüncüsü, Amuli açıq şəkildə Rusiyanı ittiham edib ki, işğalçıya dəstək verməklə münaqişənin həllinə imkan vermir. Dördüncüsü, Amuli birbaşa erməni separatçıları da kəskin ittiham edib, Dağlıq Qarabağdakı “referendumu” qanunsuz adlandırıb. Mən Amulinin bu açıqlamasından sonra Ermənistanın saytlarını izlədim, biri də Amulinin fikirlərinə reaksiya verməmişdi. Tənqid etməyə qorxur, susmağa üstünlük verirlər”.
E.Şahinoğlu hesab edir ki. buna baxmayaraq, bu açıqlama İrəvanı müəyyən qədər narahat etməmiş də deyil: “İranda milyonlarla azərbaycanlı yaşayır və onların simpatiyası Azərbaycanın tərəfindədir. Əlbəttə, Azərbaycan İranın Ermənistanla əlaqələrindən narahatdır, ancaq bu o demək deyil ki, bu siyasət əbədidir və İran daima bu siyasətə sadiq qalacaq və İranda yaşayan azərbaycanlılar – ictimai fəallar, deputatlar, siyasilər və din xadimləri Tehranın Ermənistan siyasətini dəyişdirməyə çalışmayacaqlar. Öz növbəsində Azərbaycan İranda yaşayan milyonlarla azərbaycanlı amilindən öz xeyrinə istifadə etməyi bacarmalıdır. Mən şübhə etmirəm ki, Azərbaycanla Ermənistan arasında uzun müddətli müharibə başlasa, Arazın o tayından bu tayına keçib separatçılarla vuruşmaq istəyən minlərlə soydaşımız tapılacaq.
Bunu Ermənistan da bilir”. Politoloq hesab edir ki, yuxarıda sadalananlara görə bu gün İran prezidentinin erməni həmkarını sakitləşdirməsi müvəqqəti xarakter daşıyır: “Ermənistan prezidenti Serj Sərkisyan bir müddət əvvəl İranın “Şərq” qəzetinə müsahibəsində demişdi ki, İran qazının Ermənistan üzərindən Avropaya nəqlinə hazırdırlar. İndi Ermənistan saytları Sərkisyanın bu açıqlamasına belə şərh verirlər ki, İran qazının Ermənistan üzərindən Avropaya nəqli haqqında illərdir danışılsa da, ortada konkret fəaliyyət yoxdur. Ayrıca, haqqında çox danışılan İran-Ermənistan dəmiryolu tikintisi də kağız üzərində qalıb. Reallıqda İranla Azərbaycan arasında dəmir yolu çəkilir. Məsələ burasındadır ki, İran Ermənistandakı dağları yarıb dəmiryolunun tikintisinə milyardlarla dollar yatırım qoymaqdansa, Azərbaycanla dəmiryolunun inkişafına üstünlük verir”. Digər tərəfdən, E.Şahinoğlu xatırlatdı ki, İranın Ermənistan üzərindən dəmir yolu çəkmək üçün gərəkli maliyyəsi yoxdur: “Ermənistana isə heç bir bank bu məqsədlə kredit ayırmaz. Bunun əvəzinə Azərbaycan İrana 500 milyon dollar kredit verir ki, öz ərazisindəki dəmir yolu tikintisini tamamlasın ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat xətti tam gücüylə işləsin. Bu mənada yaxın perspektivdə İran-Azərbaycan iqtisadi münasibətlərinin inkişafının İran-Ermənistan münasibətlərinə təsir gücü hiss olunmalıdır. Biz çalışmalıyıq ki, İranda ictimai rəy erməni işğalını daha sərt pisləsin”.
Bütün müşahidələr onu deyir ki, əslində Serj Sərkisyan günahının bağışlanması üçün Ruhaniyə minnətçi düşüb. Tehran isə özünün düşməni olan İsraillə əlaqələr yaradan İrəvanın hər an “nəfəsini” kəsə bilər. Xüsusilə də bölgədə özü-özünü fəlakətli durumla üz-üzə qoyduğu üçün yalnız Mehri nəfəsliyinə möhtac qalan Ermənistanın canı İranın əlindədir...