Qarabağ Kəşmirlə müqayisə edildi - Tramp Cənubi Qafqazdan üz döndərib?

“Donald Trampın prezidentliyi dönəmində ABŞ-ın Cənubi Qafqaz respublikalarına diqqəti azalacaq”.
Bu fikri “Vestnik Kavkaza” nəşrinə müsahibəsində Moskvadakı Y.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr Milli-Tədqiqat İnstitutunun prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Dınkin deyib.
Akademikin sözlərinə görə, Ağ Evin regiona diqqətinin azalması D.Trampın siyasi proqramı ilə bağlıdır – hansı proqramda ki, üstünlük Birləşmiş Ştatların daxili siyasi problemlərinin həllinə verilir.
“Trampın fəlsəfəsi belədir ki, o, ölkə daxilinə köklənib. Yəni haradasa o izolyasionistdir. Şübhəsiz ki, Amerika isteblişmentində Güney Qafqazda tüstülənən gərginliyə dəstəkdə maraqlı olan qüvvələr mövcuddur. Ancaq nəzərə almaq lazımdır ki, Dövlət Departamenti hələ də kadr baxımından komplektləşdirilməyib və yerlərin yarısı boşdur. Başqa sözlə, hələ ki Vaşinqtonun xarici siyasət xətti dəqiq qurulmayıb”, - deyə o qeyd edib.
Cənubi Qafqazda SSRİ dönəmindən indiyədək sabitsizlik faktoru rolu oynayan Dağlıq Qarabağ konfliktinə toxunan politoloq bu münaqişəni “SSRİ-nin ağrılı parçalanmasının yekunlarından biri” adlandırıb: “Tarix bizi öyrədir ki, iri dövlətlər parçalanarkən özündən sonra həmişə ərazi mübahisələr qoyur. Məsələn, Britaniya imperiyasının parçalanmasından sonra Cəmmi və Kəşmir problemi, Osmanlı imperiyasının parçalanmasından sonra Yaxın Şərqdə hazırkı regionalı faciələrin səbəblərindən biri olan Sayks-Piko sərhədi qalıb. Eyni qaydada Cənubi Qafqazda, Dağlıq Qarabağ ətrafında situasiya – SSRİ-nin parçalanmasının yekunudur”.
Aleksandr Dınkin
Akademikin qənaətincə, belə münaqişələri qısa zamanda yoluna qoymaq çox çətindir. “Yada salım ki, həmin o Cəmmi və Kəşmir problemi qalır – baxmayaraq ki, Britaniya imperiyası çoxdan parçalanıb. Nədən ki, bu həlli çətin ağır problemdir. Şübhəsiz ki, Dağlıq Qarabağ tipli konfliktlərin həlli üçün yanaşmalar mövcuddur. Ancaq mən indi hüdudsuz optimist olardım, əgər bu münaqişənin konkret həll tarixini göstərsəydim”.
*****
Öz tərəfimizdən əlavə edək ki, rusiyalı ekspertin Qarabağ mövzusunda söylədiyi bəzi fikirlərlə razılaşmaq çətindir. Doğrudur, Qarabağ ixtilafı SSRİ-nin ağrılı çöküşünün yekunlarından biri sayıla bilər. Amma bu problemi elə SSRİ – qırmızı imperiya yaratmışdı. Çünki diktator İ.Stalin o vaxt heç bir lüzum olmadan, ermənilərin öz müttəfiq respublikası olduğu halda Azərbaycan SSR ərazisində onlara əlavə muxtar vilayət statusu ərməğan eləmişdi.
Yəni “gec partlayan bomba” məsələsi. Biz hələ Moskvanın əli ilə türk torpaqları olan Zəngəzurun ermənilərə bağışlanmasını, ümumiyyətlə, “Ermənistan” adında qondarma dövlətin bütünlüklə tarixi Azərbaycan torpaqlarında təşəkkül tapmasını demirik.
Qısası, bu, qətiyyən ərazi mübahisəsi deyil, Ermənistanın Azərbaycana qarşı növbəti əsassız ərazi iddiasından doğan konfliktdir. Bu mənada Dağlıq Qarabağ ixtilafını Cəmmi-Kəşmir problemi ilə müqayisə eləmək tamamilə yersizdir. Dağlıq Qarabağ adından da göründüyü kimi, sırf Azərbaycan torpağıdır. Separatçılar bu adı boşuna “Arsax”la əvəzləməyə çalışmırlar ki.
Nəhayət, Qarabağ məsələsini Kəşmirdən fərqləndirən daha bir mühüm özəllik odur ki, Britaniya imperiyasından fərqli olaraq, Rusiya imperiyası parçalansa da, Cənubi Qafqazdan çəkilməyib, Moskvanın “uzun barmağı” hələ də destruktiv fəaliyyətini davam etdirir. Ayrı sözlə, konfliktin həllində əsas əngəl Bakı ilə İrəvan arasında “ərazi mübahisəsi” yox, Moskvadır.
Bu mənada rusiyalı akademik əsla səmimi deyil deyəndə ki, “ABŞ isteblişmentində Güney Qafqazdakı gərginliyə dəstəkdə maraqlı olan qüvvələr var”. Bu gərginliyi yaradan və saxlayan tək qüvvə çoxdan dünyaya bəllidir – o, ABŞ yox, Rusiyadır!
Aydındır ki, Kremlin burdakı “uzun barmağı” götürülsə, yəni Rusiya bölgəmizi qarışdırmaq, region ölkələrini təhdid altında saxlamaq planlarından əl çəksə, bölgədən çıxıb getsə, problem Cəmmi-Kəşmir ixtilafından fərqli olaraq, qısa zamanda yoluna qoyular; Azərbaycan tezliklə öz ərazi bütövlüyünü bərpa edər. Bəlkə də heç güc variantına da lüzum qalmaz. Çünki əsas havadarından məhrum olan Ermənistan öz gücsüzlüyünü, müharibədə labüd məğlubiyyətini dərk edib də dərhal sülhə gələcək.