Rusiyanın qaz hökmranlığı güclənir: Bu, Qərbdə parçalanma yarada bilər

“Hazırda Vaşinqtonun diqqəti Rusiyanın seçkilərə müdaxiləsinə qarışıb. Lakin Moskvanın ABŞ-a qarşı kampaniyası təkcə bu sahə ilə kifayətlənmir”.
Bu sözlər ABŞ-ın nüfuzlu siyasi xəbər portalı sayılan politico.com saytında Eduardo Saraval tərəfindən qələmə alınan məqalədə yer alıb.
Məqalə müəllifi həm də Yeni Amerika Təhlükəsizliyi Mərkəzində energetika, iqtisadiyyat və təhlükəsizlik proqamları üzrə araşdırmaçı kimi fəaliyyət göstərir. Saraval Rusiyanın energetik siyasətinə ABŞ-da hələ də az diqqət ayrıldığını düşünür.
Müəllifin gəldiyi qənaətə əsasən, təbii qazın istehsalında dünyada ikinci yeri tutan Rusiya bundan Avropa istehlakçılarına (ölkələr nəzərdə tutulur-red.) qarşı rıçaq kimi istifadə edir və öz nüfuzundan yararlanaraq onlar arasında parçalanma yaradır: “Moskvanın tikmək istədiyi yeni boru kəməri bu təzyiq rıçaqını daha da artıra bilər. Yeni kəmər Rusiyanın Almaniyanın qaz bazarındakı payını 50%-dən daha çox artıracaq”.
Saraval bu siyasətin, xüsusilə də yeni boru kəmərinin ABŞ-ın ikinci dünya müharibəsindən sonra Avropadakı maraqlarına vurulan ən böyük zərbə olaraq qiymətləndirir. Onun firkincə, Rusiyanın yeni manevri seçkilər ətrafında yaranan qalmaqallardan daha uzunmüddətli nəticələrə səbəb ola bilər.
Məqalədə Rusiyanın qaz nəhəngi “Qazprom”un “Şimal axını-2” boru kəməri üzrə maliyyə sazişini imzaladığı qeyd olunur. Yeni layihəyə əsasən Rusiya qazı Ust-Luqa limanından Baltik dənizi vasitəsilə birbaşa Almaniyaya nəql olunaraq, oradan da qalan Avropa ölkələrinə paylanacaq.
“Şimal axını-2” Rusiyanın Avropanın qaz bazarlarında liderlik mövqelərini daha da möhkəmləndirəcək. Onsuz da Moskvanın bu mövqeyi “Şimal axını-1” qaz kəməri ilə təsbit olunmuşdu”, - məqalədə deyilir.
Müəllif Avropa Birliyi ölkələrində istehlak olunan qazın 34%-nin Rusiyanın payına düşdüyünü xatırladaraq “Şimal axını-2”-nin əvvəlki layihənin ixracat imkanlarını daha da artırdığını vurğulayır. Ümumilikdə isə yeni qaz kəməri Avropada hər il 26 milyon ev təsərrüfatını enerji ilə təmin edə biləcək.
Eduardo Saravalın düşüncəsinə əsasən, “Şimal axını-2” Avropanı 3 əsas nöqtədə zəifləməsinə gətirib çıxaracaq.
İlk növbədə bu, Rusiyanın Almaniya və digər Avropa dövlətləri qarşısında əlini gücləndirəcək. Qaz enerjisi məsələsində Rusiyadan olduqca asılı vəiyyətdə qalan Almaniya Rusiyanın təbii enerjinin tədarükü və qiymətlərin müəyyənləşdirilməsi zamanı manipuliativ hərəkətləri ilə üzləşə bilər.
İkincisi yeni boru kəməri Rusiyaya qazı Ukraynanın ətrafından keçməklə nəql etməsinə şərait yaradacaq.Yəni əgər Rusiya Ukraynaya qaz tədarükünü azaltmaq istəsə, bu, Almaniyaya ciddi təsir etməyəcək. Qazın nəqli məsələsində Ukraynanın asılılığından qurtulmaqla Moskva Kiyevə daha çox təsir göstərəcək və hətta onun enerjisini kəsə biləcək.
Nəhayət, 3-cü və ən başlıcası, yeni boru kəməri Avropa Birliyi ölkələri arasında parçalanmanı gücləndirəcək və onların Krımın işğalı ilə əlaqədar Moskvaya qarşı tətbiq oluanan sanksiyalar məsələsində qərarlılığını zəiflədəcək.
Nəticə etibarı ilə boru kəməri Rusiyanın hökmranlığından narahat olan dövlətlər və ucuz enerji istəyən, habelə Rusiya ilə əməkdaşlığa can atan ölkələr arasında ziddiyətləri daha da gücləndirəcək.