Xaotik müxaliflərin mitinq hazırlığı - məqsəd nədir?

YAP-dan və müxalifət partiyalarından sosial şəbəkələrdəki mitinq çağırışlarına reaksiya
Bəzi müxalifətçilər, xüsusilə xaricdəki söyüşcül müxalifətçilər mitinq hazırlıqları aparır. Sosial şəbəkələrdə bununla bağlı çağırışlar edilir. Şüar bəlli deyil, hansısa missioner dairələrə bağlı olanlar xaotik bir proses aparır.
Bəs Azərbaycanda mitinq keçirmək üçün sosial sifariş varmı? Sosial şəbəkələrin bu qədər effektiv və populyar olduğu dövrdə mitinq ideyası nə qədər cəlbedici görünür? Hazırda mitinqlərə ehtiyac varmı?
Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov bildirdi ki, xaricdə gizlənən söyüşcül “müxalifət”in və radikal müxalifət dairələrinin Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrlə sıx əməkdaşlıq etdiyi heç kimə sirr deyil. Onlar zaman-zaman Azərbaycanın daxilində qarşıdurmalar, qeyri-sabitlik, xaos yaratmaq niyyətinə düşüblər. Lakin hər dəfə də Azərbaycan xalqı onlara yox deyib və onların məkrli niyyətləri baş tutmayıb: “Azərbaycan xalqı xarici dairələrin əlində alət olan həmin ünsürlərin heç bir çağırışlarına indiyədək qoşulmayıb, əksinə, bu çağırışlara öz etirazını bildirib, bu çağırışlara yox deyib. Lakin həmin özünü müxalifət adlandıran kiçik qrup və bir neçə şəxs xarici dairələrin əlində o dərəcədə oyuncağa çevriliblər ki, utanmadan yenə də mitinq keçirməkdən danışırlar. Bunlar özləri də yaxşı görürlər ki, Azərbaycanda mitinqlər üçün sosial sifariş, zəmin yoxdur, mitinq çağırışlarına cəmiyyətdən müsbət reaksiya olmur və olası deyil. Bununla belə, yenə də utanmadan mitinq çağırışları edirlər.
Azərbaycanın uğurlarında, Vətən savaşında qalib gəlməsində ölkəmizdə xalq-hakimiyyət birliyinin, sabitliyin, vahid yumruq halında birləşməyin necə böyük əhəmiyyət daşıdığını ölkəmizi sevənlər də, sevməyənlər də gördülər. Ona görə də Azərbaycanı istəməyən bəzi xarici dairələr bu üstünlükləri Azərbaycanın əlindən çıxarmaq istəyirlər. Bu məkrli planlarını da satılmış şəxslərin, özünü müxalifət adlandıran radikal qrupun əli ilə həyata keçirmək arzusundadırlar. Ancaq bilməlidirlər ki, həmişə olduğu kimi yenə də xalqımız onlara bu cür arzularını gerçəkləşdirmək fürsətini verməyəcək”.
AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, mitinqlər siyasi mübarizənin əsas təsir vasitələrindən biridir, eyni zamanda mitinqlər siyasi mübarizə metodlarındandır: "Dünyanın ən inkişaf eləmiş ölkələrində belə bu siyasi mübarizə metodundan istifadə olunur. O üzdən mitinqlər hər zaman siyasi mübarizədə öz aktuallığını saxlayır. Mitinq üçün gərək sosial sifariş də olsun, cəmiyyətdən belə bir tələb gəlsin, siyasi partiyalar da bu sosial sifarişi nəzərə alaraq mitinqin təşkilatçılığında iştirak etsinlər. Bu gün Azərbaycan cəmiyyətində mitinqlə bağlı sosial sifarişin olduğunu zənn eləmirəm. Belə olduğu vəziyyətdə mitinq keçirmək isə lazımi kütləviliyi, effekti yaratmır. Mitinq 3-5 nəfərin istəyi ilə yox, sosial sifarişin istəyinə uyğun olaraq keçiriləndə daha effektli olur. Sosial şəbəkələrin bu qədər inkişaf etdiyi zamanda, informasiyanın bir neçə saniyədə milyonlarla insana çatdığı bir dövrdə əgər mitinq çağırışı eləyənlər kütləvilik əldə edə bilmirlərsə deməli, mitinqə sosial sifariş yoxdur. Digər tərəfdən də indiki pandemiya dövründə kütləvi tədbirlərin keçirilməsi çağırışları da başqa məsələdir. AĞ Partiya olaraq biz hazırkı dönəmdə istənilən mövzu ilə bağlı mitinqin keçirilməsini aktual hesab etmirik. Pandemiya, inşallah, bitər, normal həyata dönərik, sosial sifariş yüksək olarsa, zamanı gəldikdə mitinq keçirərik".
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, vətəndaşlara konstitusiyanın verdiyi hüquqların hər hansı ad altında məhdudlaşdırılması yolverilməzdir. Torpaqlarımızın azad edilməsini, müharibəsonrası vəziyyəti əsas göstərib vətəndaşların sərbəst toplaşmaq azadlığını pozmaq olmaz: “Mitinq keçirmək hər bir vətəndaşın, təşkilatın hüququdur. Ölkədə çoxsaylı siyasi qüvvələr var və bu qüvvələrin məsələlərə öz baxışları, yanaşmaları var. Kimisi üçün Qarabağın bərpası önəmlidir, kimisi üçün insan hüquqlarının qorunması önəmlidir. Kimlərsə dinc mitinqlər keçirmək istəyirsə, buna da normal baxmaq lazımdır. Ancaq bu şərtlə ki, mitinqin məqsədi aranı qarışdırmaq, süni qarşıdurmalar yaratmaq olmasın.
Hazırda Azərbaycanda xalqın mitinqə marağı yoxdur. Ölkəmizdə mitinqlər keçirmək üçün sosial sifariş yoxdur. Müəyyən təbəqə insanlarda bir sıra nöqsanlardan irəli gələn narazılıq olsa da bu, sosial etirazlar səviyyəsində deyil. Qarabağın azad olunması insanlarda xeyli dərəcədə psixoloji sakitlik yaradıb. Ona görə də mən düşünmürəm ki, Azərbaycanda indiki halda çoxlu sayda insanın qatılacağı mitinqlər olsun".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də bildirdi ki, insanların bir çox hüquqları var, o cümlədən də kütləvi aksiyalarda iştirak etmək və s. Amma hər şeyin əsası olduğu kimi, kütləvi aksiyaların keçirilməsinə də bir əsasın olması, onu keçirmək istəyənlərin kimliyi, təşkilatçılığın vəziyyəti də insanlar tərəfindən qiymətləndirilir: “Ola bilər ciddi bir problem var, bununla bağlı hansısa siyasi qüvvə, yaxud qrup kütləvi tədbir keçirməyə çalışır, ola da bilər ki, ölkədə gərginlik yaratmaq üçün kənar qüvvələrin təhriki ilə ələ alınmış müəyyən adamlar, siyasi qüvvələr kütləvi aksiya adı altında ölkədə xaos yaratmağa çalışsınlar.
Ölkə kənarından virtual mitinq keçirmək cəhdlərinin indiyədək uğursuzluğa düçar olduğu dəfələrlə görünüb. Odur ki, belə qeyri-ciddi, təşkilatçısız mitinqlərin effekt verəcəyini düşünmürəm".