Görüş yerini Bakıya salmaq olarmı? - ekspert

Təxminən iyun ayında keçirilməsi nəzərdə tutulan Putin-Bayden görüşünün keçirilə biəcəyi şəhərlər arasında Azərbaycan Respublikasının paytaxtı Bakının adı getdikcə daha ciddi səslənməyə başlayıb. Dünyanın müxtəlif səviyyəli siyasi və iqtisadi toplantılarının keçirildiyi şəhərlərlə Bakının namizədliyinin irəli sürülməsi diqqətəlayiq hadisədir və artıq ölkəmizin imicinin yüksəlməsinə işləyir. İki nəhəng dövlətin başçılarının görüşünə ev sahibliyi etmək həm də Qarabağ cəbhəsində əsgərlərimizin qanı bahasına qazandığımız qələbənin daha da möhkəmləndirilməsinə xidmət edə biləcəyi şübhəsizdir.
Yüksək səviyyəli görüşlərin keçirilmə məkanı kimi Azərbaycan özünü təsdiq edib. Hətta ABŞ-ın nüfuzlu “Politico” nəşri istisna etmir ki, ABŞ və Rusiya prezidentlərinin mötəbər görüşü Azərbaycanda baş tuta bilər. Niyə də olmasın?! Bakıda bir neçə dəfə NATO və Rusiya baş qərargah rəislərinin toplantısı ən yüksək səviyyədə, təhlükəsizlik təmin edilməklə təşkil olunub. Çox yüksək səviyyəli beynəlxalq forumlara ev sahibliyi etmək təcrübəsi isə Azərbaycanda yetərincədir.
Təbii ki, yerin seçilməsi həm də hər iki dövlət başçısı tərəfindən razılaşdırılmalıdır və bu prezidentlər də görüşün keçirilməsi məkanının seçilməsinə siyasi hadisə kimi baxırlar. Elə isə Putin- Bayden görüşünün Bakıda keçirilməsi Amerika və Rusiyaya hansı dividendlər gətirə bilər.
Bildiyimiz kimi, Bayden ermənilərə tərəf addım ataraq onların uzun zaman arzusunda olduğu heç bir hüquqi əhəmiyyət kəsb etməyən kəlməni dilə gətirdi. Bununla o, Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında onsuz da yetərincə gərgin olan münasibətləri daha da tarıma çəkdi. Onun bu addımı elə Azərbaycanda da nifrətlə qarşılandı. Azərbaycanın o kəlmədən sonra yaranan qəzəbini yumşaltmaq üçün Bayden Administrasiyası 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin fəaliyyətini dayandırdı.
“Politico” yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: “Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən ”erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".