Azərbaycan-Rusiya münasibətləri yeni fazaya keçir?

Rusiyanın fikir babalarından biri Duqin və digərlərinin Qarabağ səfəri xaricdə də müzakirə olunmaqdadır; politoloq: “Önəmli olan Moskvada onun kimi düşünənlərin sayının artırılmasına nail olmaqdır...”
Bir neçə gün əvvəl Rusiyanın bir neçə tanınmış eksperti və deputatlarının Azərbaycana səfər etməsi, həmçinin düşmən işğalından azad edilmiş ərazilərimizə gedərək Ermənistanın işğalçılıq siyasətinə kəskin etiraz bildirməsi təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda, o cümlədən Türkiyə və Rusiya mediasında da maraqla qarşılandı, müzakirələrə səbəb oldu.
Düşməni narahat edən xüsusilə budur ki, Putinə yaxınlığı ilə seçilən A.Duqin və digərləri təmas xəttindəki Azərbaycan əsgərləri ilə görüşərək Azərbaycan-Rusiya dostluğu barədə mövqeyini ifadə edir, həmçinin Ermənistanın işğal altındakı torpaqları azad etməli olduğu barədə birmənalı mövqe ortaya qoyur. Rusiya prezidentinin “danışan dili” kimi təqdim olunan, həmçinin fikir babalarından biri olan Duqinin bu davranışları, Ermənistanı işğalçı adlandırması, hərbi sektora aid açıqlamalarla çıxış etməsi kifayət qədər maraq doğurdu. Belə hesab olunur ki, Rusiya-Azərbaycan münasibətləri yeni fazaya keçib. Bu günlərdə Azərbaycanda elektrik enerjisi böhranı yaşananda ölkəmizə yardım edən iki ölkədən biri Rusiya oldu və Azərbaycan prezidenti şəxsən şimal qonşumuza təşəkkür etdi.
Türkiyə mediasında Duqin və digərlərinin səfərindən bəhs edən yazıdakı aşağıdakı məqamlar diqqət çəkir: “Rus siyasətçilər Qarabağdan səsləndilər. Azərbaycana gedən rus heyət Ermənistanın işğalının bitməsi çağırışında bulundular”. Yazıda Duqinin fikirlərinə diqqət çəkilib. Bildirilir ki, Rusiyanın önəmli xarici siyasət adamlarından olan Aleksandr Duqin öz çıxışında toplantının keçirilmə yerinə diqqət çəkib. “Duqinə görə, Rsuiya dövləti və ictimaiyyəti, təmsilçilərini Qarabağa göndərməklə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirdi”. Türkiyə mediası digər rus natiqlərin çıxışlarına da diqqət çəkib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Duqin və digərlərinin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini təqdir etdiyini bildirdi: “Önəmli olan Moskvada onun kimi düşünənlərin sayının artırılmasına nail olmaqdır. Onların konfransda səsləndirdikləri fikirlər diqqəti çəkdi. Birincisi, dedilər ki, ”Dağlıq Qarabağ işğal altındadır və bu bölgə Azərbaycana aiddir, ona görə də Azərbaycana qaytarılmalıdır". İkincisi, dedilər ki, “Ermənistandakı hərbi çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb. İlkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayon boşaldılmalıdır”. Üçüncüsü, dedilər ki, “Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya maraqlıdır ki, Ermənistan və Azərbaycan arasında sülh olsun”. Dördüncüsü, dedilər ki, “Rusiya mediasında qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını Rusiyadan ayırırlar”. Beşincisi, dedilər ki, “Azərbaycanın rolu Rusiyanın strateji planlarında yüksəlir. Bunu diqqətdə saxlamaq lazımdır. Avrasiya ideyası türklərin və slavyanların alyansı ideyasıdır. Avrasiya siyasətini türklərsiz və slavyanlarsız qurmaq qətiyyən mümkün deyil. Biz Azərbaycanı Avrasiya siyasətində görmək görmək istəyirik”. Buna baxmayaraq, Rusiyanı təmsil edən ekspertlər və deputatlar Azərbaycanı tərk etdikdən sonra Moskvada baş verən hadisə məni xeyli düşündürdü".
E.Şahinoğlu misal olaraq Rusiyanın “Rossiya 1" telekanalındakı ”Vladimir Solovyovla axşam" siyasi tok-şousu ilə bağlı müşahidələrini bölüşdü: “Həmin proqramda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov Cocuq Mərcanlıya səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı. Baqdasarov Azərbaycanın və Türkiyənin əleyhinə olan ekspertdir. Bu mənada belə bir ekspertin ”Qarabağ Azərbaycanındır" deyən deputatı hədəf götürməsi anlaşılandır. Anlaşılmayan aşağıdakılardır: Birincisi, həmin deputat Jirinovskinin lideri olduğu LDPR-in üzvüdür. Jirinovski proqramda deputatını müdafiə etməkdənsə, Baqdasarovun “məhv edilməlidir” şüarına dəstək verdi. Ayrı vaxt Jirinovski hamını tənqid edir, nərildəyir. Bu dəfə isə o, Baqdasarovla razılaşdı. Televiziya proqramlarında nərildəyən Jirinovski Baqdasarovun qarşısında dovşana dönmüşdü, deputatını erməni ekspertin ayağına verdi. İkincisi, proqramın aparıcısı Vladimir Solovyov deputatı ölümə səsləyən ekspertin qanuna hörmət etməsini tələb etmədi. Əksinə, Solovyov Baqdasarova dəstək verərək dedi ki, “necə oldu ki, rusiyalı deputat Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırdı”. Üçüncüsü, Jirinovski və Solovyov ayrı-ayrı vaxtlarda Bakıya gəlmişdilər və onlar Azərbaycan prezidenti ilə görüşmüşdülər. Bu səfərləri və görüşləri təşkil edən şəxsə və ya qrupa belə bir sual vermək olar: “Əgər Jirinovski və Solovyov əvvəlkitək Dağlıq Qarabağın işğalını və Ermənistanı dəstəkləyirlərsə, onların Bakıya gəlişlərindən və prezidentlə görüşlərindən nə fayda əldə edildi?” Dördüncüsü, Cocuq Mərcanlıya gəlib “Dağlıq Qarabağ Azərbaycanındır” deyən rusiyalı deputat Dmitri Savelyev Moskvada bu fikri təkrarlamadı. Bu ifadəni Azərbaycanda demək böyük qəhrəmanlıq tələb etmir, əsl qəhrəmanlıq bu ifadəni Moskvada, o cümlədən Dövlət Dumasının tribunasında və koridorlarında təkrarlamaqdır. Bilirik ki, Moskvada erməni lobbisi güclüdür. Erməni lobbisinin Rusiya mediasında da təsir imkanları genişdir. Ona görə də Azərbaycana lobbiçilik etmək istəyən rusiyalı deputatlar və ekspertlər ehtiyatlıdırlar. Ancaq Azərbaycanı üçün vacib olan onların Dağlıq Qarabağla bağlı Moskvada fəallıqlarını artırmaqdır".