Afrin əməliyyatı Türkiyə və Avropa arasında sınağa çevrilir

Əməliyyatın uzanması Suriyanın taleyi ilə bağlı qeyri-müəyyənliyi də artırır
Türkiyə ordusunun yanvarın 20-də başlatdığı “Zeytun budağı” əməliyyatı davam edir. Əməliyyatın 13-cü günündə Türkiyə ordusu və müxaliflərin silahlı birlikləri Hatay vilayəti və Kilis rayonundan Afrin istiqamətində Əli Kar kəndini də ələ keçirib. Ordu birliklərinin Raco rayonuna doğru irəliləyişi davam edir, bir neçə strateji yüksəkliklər də ələ keçirilib.
Bu arada kürdlər də gecələr Türkiyə ordusuna müqavimət göstərməyə çalışır. Ötən gün növbəti dəfə gecə saatlarında Kilis rayon mərkəzinə iki raket atılıb. Türkiyə prezidenti Ərdoğan Reyhanlı rayonunda Afrindən atılan raketlərin partlaması nəticəsində ölən məktəblinin anası ilə telefonla danışaraq başsağlığı verib. Ərdoğan deyib ki, şəhidlərin və qazilərin qanını yerdə qoymayacaqlar.
Türkiyə ordusu Baş Qərargah rəisi bəyan edib ki, əməliyyatlar başlayandan bu günə qədər 790 terrorçu zərərsizləşdirilib. Baş Qərargahdan yayılan rəsmi açıqlamada qeyd olunur ki, YPG/PKK terrorçularının mövqelərinə həyata keçirilən hava zərbələri nəticəsində terrorçuların istifadə etdiyi 18 sığınacaq məhv edilib. Eyni zamanda hava zərbələri nəticəsində 78 nəfər terror təşkilatı üzvü zərərsizləşdirilib.
Ancaq Afrin əməliyyatının uzanması Avropada Türkiyəyə qarşı etirazlara səbəb olmağa başlayıb. Bu yaxınlara qədər Türkiyə ilə normal münasibətləri olan Fransa hökuməti Afrin əməliyyatını tənqid etməyə başlayıb. Prezident Makron bəyan edib ki, Afrin əməliyyatı işğala çevrilməməlidir. Fransa mediası isə artıq Türkiyənin Afrin əməliyyatını tənqid edən materiallar verməyə başlayıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Afrikada işğallar həyata keçirən Fransanın Türkiyəyə dərs verməyə haqqının olmadığını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin İdlibdə yerləşən atəşkəsi təmin etmə qüvvələrinin hərbi maşın karvanına qarşı partlayış törədilib. Nəticədə bir hərbçi həlak olub. Bir nəfər isə yaralanıb. Artıq məlumatı Türkiyə ordusu Baş Qərargahı da təsdiqləyib. Rəsmi açıqlamada deyilir ki, yerdəyişmə həyata keçirən Türkiyə ordusu konvoyunun keçdiyi zaman minalanmış avtomobil partladılıb.
Suriya hökumətinə müxalif olan, mərkəzi ofisi Londonda yerləşən İnsan Haqları Müşahidə Evi təşkilatı isə hücumun “hökumətə yaxın” qüvvələr tərəfindən həyata keçirildiyini bəyan edib. Ancaq hələlik terror aktının məsuliyyətini kimsə üzərinə almayıb. Radikal islamçı “Heyət Təhrir əş-Şam” təşkilatı isə terror aktını pisləyib.
Hələlik Türkiyə ordusunun hansı səbəbdən gecə yerdəyişməsi həyata keçirdiyi və İdlibin mərkəzinə doğru irəlilədiyi haqda məlumat verilmir. Üstəlik, bu hadisənin məhz Soçidə Suriya Milli Dialoq Konqresindən bir gün əvvəl baş verməsi də bir ayrı sual doğurur. Məsələ ondadır ki, Türkiyə İdlibin şimalı və mərkəzində atəşkəsin qorunmasına təminatçı ölkə idi. Üstəlik, məhz bu ərəfədə kürdlərin Afrini Suriya ordusuna verəcəyi ilə bağlı şayiələr yayıldı. Görünür ki, Türkiyə ordusu İdlibdə “özünü göstərməklə” həm də sahə rəqiblərinə mesaj vermək istəyib. Ancaq sonradan məlum oldu ki, Suriya mərkəzi hökuməti ilə kürdlərin anlaşması baş tutmayıb. Daha sonra isə Soçi Konqresi də bir mənada uğursuz yekunlaşdı.
Afrin əməliyyatının tezliklə yekunlaşması Türkiyə və onun sahə müttəfiqləri üçün bir çox suallara aydınlıq gətirəcək. Əks təqdirdə, əməliyyatın uzanması Ankara üçün başağrısına çevriləcək. Afrin və İdlibdə vəziyyətin aydınlaşması Suriyanın gələcək taleyi və müttəfiqlərin yeni fəaliyyət planı hazırlaması zərurətini ortaya qoyacaq. Çünki Soçidən də anlaşılan odur ki, yekun siyasi anlaşmanın əldə olunması çətin olacaq. Ruslar üçün indi yeganə yol təzyiqi daha da artırmaq və hökumətə qarşı savaşan qüvvələri sıradan çıxarmaqdır. Hər şey Afrindəki əməliyyatların gedişindən asılı olacaq.