İspaniyada “rus mafiyası” əməliyyatının pərdəarxası

Ekspertlər hesab edirlər ki, baş verən proseslərin arxasında siyasi səbəblər dayanır...
İspaniyada üç ay əvvəl həyata keçirilən əməliyyat zamanı həbs olunan “rus mafiyası”nın üzvlərinin işi güclü vəkillər komandasının hazırladığı taktika ilə dağıla bilər. Bu barədə Milliqazet hazırladığı materialda bildirilir. Qeyd olunur ki, söhbət on milyonlarla avro çirkli pulların yuyulmasında ittiham olunan, dağıdıcı silahlardan ibarət cəbbəxanaya malik mafiozların işindən gedir. Bunlar “İzmaylovsk” və “Solntsevsk” mütəşəkkil cinayətkar qruplaşmalarının üzvləri hesab edilən rusiyalı biznesmenlər və oliqarxlardır.
Xəbər verilir ki, hazırda Malaqa əyalətinin Alhaurin-de-la-Torre şəhərindəki həbsxanasında İspaniya Mülki Qvardiyasının 2017-ci ilin sentyabrında keçirdiyi “Oliqarx” kod adlı əməliyyat zamanı həbs olunan 11 rusiyalıdan dördü şübhəli şəxs qismində saxlanılır.
Bunlar “Marbelya” futbol klubunun sahibi Aleksandr Qrinberq, Mixasdakı “Aguas Sierra de Mijas” su istehsalı zavodunun əsas səhmdarı Oleq Kuznetsov, həmin müəssisənin direktoru Serqey Dojdev və Rusiyada yaşayan, “Solntsevks” cinayətkar qruplaşmasının liderlərindən biri hesab edilən, Tamm soyadı ilə məşhur olan Arnold Arnoldoviç Spivakovskidir. Həmin Şpivakovski ki, uzun illərdir Rusiyanın maliyyə-investisiya nəhəngi “Sistem”in top-menecerlərindən biridir.
Məlumatda bildirilib ki, çirkli pulların yuyulması və digər cinayətlərdə iştirak edən mütəşəkkil qrupun fəaliyyətinə son qoyulub. Əməliyyat zamanı hər birinin dəyəri 300 min avro olan 28 avtomobil, külli miqdarda qiymətli əşyalar, yüz minlərlə avro pul, sənədlər götürülüb. Hüquq-mühafizə orqanları saxlanılanlara aid 67 malikanəyə və 100-dən çox bank hesablarına həbs qoyublar. Bundan başqa, 4 yaxta və 250 min avro nağd pul da müsadirə olunub.
Mövzu ilə bağlı Milliqazetä danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu həbslərin arxasında siyasi səbəblər də ola bilər:
“Çünki Rusiyanın Ukrayna siyasəti, Krımı işğal etməsi dünya düzəninə çox mənfi təsir etdi. Həmçinin bütün bunlar Rusiyanın beynəlxalq aləmdəki nüfuzuna da zərbə vurdu, Qərb ölkələri ilə münasibətləri pozuldu. Təxminən 10 ölkə saymaq olar ki, bu ölkənin rəsmiləri və jurnalistləri qeyd edirlər ki, Rusiya onların ölkələrindəki seçkilərə qarışır. Hansısa partiyanın qələbə çalması, digərinin isə məğlub olması üçün gizli yola baş vurub. Bunu onlarla ölkə deyir. Amerikadan tutmuş, Almaniya, hətta Böyük Britaniyaya qədər bu fikirdədirlər. Belə vəziyyətdə isə əlbəttə ki, münasibətlər normallaşmayıb, getdikcə gərginləşir. Son illərdə təkcə İspaniya deyil, dünyanın bir çox ölkələrində Rusiyanın imkanlı adamları həbs edilir və onlar silah satmaqda, maliyyə maxinasiyalarında günahkar bilinirlər. Məsələn, But adlı rus iş adamı vardı ki, o, Asiya ölkələrindən birinə silah daşıyırdı. Onu Asiya ölkələrindən biri həbs edərək, Amerikaya ekstradisiya etdi. İndi Rusiya deyir ki, guya But siyasi səbəblərlə tutulub. Halbuki Amerikanın belə bir istəyi yoxdur. Sırf olaraq kriminal məsələyə görə Butu həbs ediblər. Biz də bilirik ki, Rusiyanın xaricdəki maliyyə vasitələrinin çoxu kriminal mahiyyət daşıyır. Ona görə də rus kriminal aləminə qarşı Avropa ölkələrində zaman-zaman bu cür həbslər həyata keçirilir. Həbslərin indi olmasına gəlincə isə görünür, faktlar toplandıqca kütləvi həbslər həyata keçirilib. Düşünürəm ki, İspaniyadakı hadisələr də bu məsələnin tərkib hissəsidir. İspaniyanın özünə gəlincə isə onların Rusiya ilə münasibətləri gərginləşdirmək marağı yoxdur. Tam əksinə, İspaniya Avropa ölkələri içərisində Rusiya ilə münasibəti olan ölkələrdəndir. Kataloniyada ”müstəqillik" elan ediləndə İspaniyanın mərkəzi hökuməti bunda Rusiyanın izini də gördü ki, orada müəyyən kəşfiyyat mərkəzləri hansısa təxribatlara baş vura bilərdilər. Bütövlükdə isə İspaniyanın Rusiyaya düşmən münasibəti üçün ciddi əsas yoxdur. Görünür, kriminal elementlər harınlayıblar ki, İspaniya bu cür əməliyyata məcbur qalıb".
Politoloq Tofiq Abbasov isə fərqli fikirdədir. O, bildirib ki, biz adətən geosiyasi, iqtisadi baxımdan hər zaman qloballaşmanı diqqətdə saxlayırıq:
“Ancaq qloballaşma həqiqətən də həyatın bütün sahələrinə, o cümlədən də ”qara iqtisadiyyat"la məşğul olanlara, mafiya qruplarına sirayət edir. Çünki indi dünyada qeyri-qanuni pul dövriyyəsi ilə də bağlı mübarizə sərtləşib, yeni məhdudiyyətlər qoyulur. Bunlar pul köçürmələri, biznes sahəsində olan əməliyyatlardır ki, onlar adətən ikibaşlı idi. Görünən və görünməyən tərəfləri vardı. Söhbət “kölgə iqtisadiyyatı”ndan gedir. Ümumiyyətlə, bu sahələrə qatılanlar adətən qanun çərçivəsindən kənara çıxırlar. “Rusiya mafiyası”nın da adı əsasən Qərbdə çox hallanır. Çünki onun toxunduğu sahələr kifayət qədər çoxdur. Digər tərəfdən isə Qərb təchizatları bütün dünyaya qanun çərçivəsində qalmaq lazım olması, şəffaflıqla bağlı fikirlər yayırlar. Buna baxmayaraq, həmin o mərkəzlərin özündə də elə boşluqlar var ki, “rus mafiyası” onlardan istifadə edir. Yəni özbaşına hansısa ölkədə məskən salıb, onun ətrafında qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq mümkünsüzdür. Adətən bu cür xoşagəlməz hadisələr, mafiya qruplarının əl-ayaq açdıqları yerlərdə hər zaman yerli dairələrlə əlaqələr yaranır. İspaniyada da ehtimal ki, bu, belədir. Ona görə də İspaniyada əgər “rus mafiyası” geniş fəaliyyət sahəsini mənimsəyibsə, bu, özbaşına ola bilməz. İspaniyanın ağır dövrü oldu. Rəsmi Madrid Brüsseldən xahiş etdi ki, onların iqtisadi vəziyyətlərini xilas etsinlər, onlara maliyyə yardımı göstərsinlər. Həmin ərəfədə İspaniyanın daxilində xaricdən gələn bir çox vətəndaşlar, iş adamları külli miqdarda həm daşınmaz əmlaka yiyələndilər, həm də İspaniya iqtisadiyyatına yatırımlar etdilər. Əlbəttə ki, onlar arasında “rus mafiyası”nın da nümayəndələri var idi. Çünki onlar bir ucdan Rusiyadan pulları çıxarıb, maliyyə resurslarını Qərbə doğru aparırdılar. Nəticədə isə özləri üçün əlverişli imkanlar olan yer tapırdılar. İspaniya isə bu baxımdan onlar üçün ideal məkan idi. Sonradan İspaniya yavaş-yavaş özünə gəldikcə həmin qeyri-qanuni sektorda baş verən əməliyyatların izinə düşürdü. İndi də faktiki olaraq “Rusiya mafiyası”nın üzvləri ilə mübarizə aparırlar. ABŞ-ın tədqiqat aparan orqanları Rusiya elitasının həmin o “Rusiya mafiyası” deyilən strukturla əlaqələrini diqqətlə izləyirlər. Müəyyən etməyə çalışırlar ki, maliyyə dalğaları haradan-haraya gedir. Bu proseslərdə kimin iştirakını da araşdırırlar. Ona görə də İspaniya həm Avropa İttifaqının üzvü, həm də Amerikanın müttəfiq dövləti kimi bir çox hallarda xarici qüvvələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir ki, kölgə sturukturlarının fəaliyyətini ifşa etsinlər, qeyri-qanuni əməliyyatları üzə çıxarsınlar. Bu baxımdan da “Rusiya mafiyası”nın adı çıxıb, onların izinə düşüblər".