Ərəb şeyxləri Ermənistanda nə axtarır? - rəy

Sabiq maliyyə naziri: “Onlar Ermənistana ov etmək üçün gedə bilərlər, amma investisiya yatırmaları inandırıcı deyil, çünki...”
Ərəb şeyxləri son zamanlar Ermənistana ayaq açmağa başlayıblar. Erməni mediasının yazdığına görə, Ermənistana sərmayə cəlb etmək üçün ermənilər ərəb şeyxləri ilə müxtəlif istiqamətlərdə iş aparırlar. Məsələn, Ermənistanda dərc olunan “Hraparak” qəzeti yazır ki, artıq 3 gündür ərəb şeyxləri oğulları ilə birlikdə Qagik Tsarukyanın qonağıdırlar.
Q.Tsarukyan Ermənistanın ən güclü oliqarxlarından biridir. Milliqazet mənbəyə istinadən xəbər verir ki, Ermənistana gələn ərəb qonaqlar arasında Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu şəxslərindən biri sayılan Əbu Dabi şahzadəsi şeyx Zeyd əl-Nahayanın böyük oğlu da var. Mənbə onu da qeyd edir ki, səfər dostluq xarakteri daşıyır - ərəblər Ermənistanla tanış olmaq, görməli yerlərini gəzmək üçün gəliblər. Qəzetin əldə etdiyi məlumata əsasən, “özəl səfər” həmçinin investisiya məqsədi güdür. Lakin bu barədə hələlik danışılmır.
Bəs iqtisadiyyatı ağır durumda olan kasıb Ermənistan ərəb şeyxləri üçün cəlbedici ola bilərmi? Olarsa nəyinə görə? İşğalçı ölkəyə ərəb sərmayəsinin qoyulması mümkünmü? Ərəb ölkələri içərisində söz sahibi sayılan Səudiyyə Ərəbistanı Azərbaycan ərazilərini işğal edən Ermənistanla heç bir siyasi, iqtisadi əlaqələr qurmayan ölkədir. Bu amil ermənilərin ərəb sərmayəsini ölkəyə cəlb etməsinin qarşısını ala bilərmi?
Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov Milliqazetä bildirdi ki, bəzi ərəb şeyxlərinin Ermənistana səfər etməsi Birləşmiş Ərəb Əmirliklərinin və Səudiyyə Ərəbistanının Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərinin artırılması anlamına gəlməməlidir: “Bir neçə ərəb şeyxinin Ermənistana gəlişi sadəcə, turistik səfər sayıla bilər. Bu səfərdə ictimaiyyət üçün açıqlanmayan sırf şəxsi məqamlar da ola bilər. Bütün hallarda Səudiyyə Ərəbistanının bu günə qədər Ermənistanla heç bir siyasi və iqtisadi əlaqə qurmaması, iki dövlət arasındakı münasibətlərin hansı səviyyədə olmasının göstəricisidir. Ermənilər ərəblərin bir şəxsin dəvəti ilə bu ölkəyə gəlməsini bu qədər şişirdib az qala, bunu iki ölkə arasında qardaşlıq münasibətlərinin təməlinin qoyulması kimi qələmə verməyə çalışırlar. Görünür, bir neçə ərəbin hansısa bir erməni iş adamının dəvəti ilə Ermənistana səfərini bu qədər şişirtmək indiki dönəmdə ermənilərə çox lazımdır. Bu şəkildə aparılan təbliğat erməni xislətinə tam uyğundur.
Unutmayaq ki, Səudiyyə Ərəbistanı müstəqilliyimizi dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, bu illər ərzində bütün beynəlxalq tədbirlərdə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı səsini qaldırmış və bu məsələdə bir qayda olaraq bizim haqq işimizi dəstəkləmişdir. Birləşmiş Ərəb Əmirliklərinin də Azərbaycanla ciddi siyasi, iqtisadi əlaqələri var və onların da Ermənistanla münasibətləri ermənilərin xeyirinə sayılacaq səviyyədə deyil. Bir neçə ərəbin şəxsi dəvətlə Ermənistana gəlməsi çox adi bir məsələdir. Geniş maliyyə imkanlarına malik ərəblər hər hansı bir şəxsi münasibətlərin olmasından istifadə edərək bu ölkə ilə tanış olmaq istəyində bulunublar. İnanmıram ki, Ərəblər iqtisadiyyatı Rusiyadan tam asılı bir vəziyyətdə olan, heç bir enerji resursları olmayan və Azərbaycanla müharibə vəziyyətində olan bir ölkəyə investisiya yatırmaq barəsində düşünsünlər. Onlar bir çoxlarının düşündüyü qədər də sadəlövh deyillər. Ən yaxşı halda onlar Ermənistana ov etmək üçün gedə bilərlər, ancaq ora investisiya yatırmaları heç inandırıcı görünmür".
F.Yusifov qeyd etdi ki, Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixindən qurulub. İndiyə qədər Azərbaycan və BƏƏ arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən 21 sənəd imzalanıb. Bunlara Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş, Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya, İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş, mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycanda İxracın və Sərmayələrin Təşviqi Fondu ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Ticarət və Sənaye Palatası arasında Azərbaycan-BƏƏ Biznes Şuranın yaradılması haqqında Anlaşma Memorandumu daxildir.