Qüds sammiti qərarını verdi, bəs bundan sonra nə olacaq?

Elman Nəsirov: “Azərbaycanın bugünkü mövqeyi həm Amerikada, həm də İsraildə anlaşılan mövqedir”
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının keçirilən fövqəladə toplantısında müsəlman ölkələrinin Qüdslə bağlı qəbul etdikləri qətnamə gündəmi zəbt edib. İƏT-ə üzv dövlətlərin Şərqi Qüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanıması və beynəlxalq ictimaiyyəti də bunu tanımağa çağırması Qüds məsələsini daha da aktuallaşdırıb, eyni zamanda, bu məsələ ətrafında yeni-yeni müzakirələr açılıb.
“Bu bəyannamə bizi təsirləndirmədi”.
Qərbi Qüdsdə MOSSAD əməkdaşlarının şərəfinə təşkil edilən tədbirdə İsrailin baş naziri Binyamin Netanyahu deyib.
Hökumət başçısı qeyd edib ki, bu açıqlamalar onları təsirləndirə bilməyib: “Nəticədə doğru olan qazanacaq. Bir çox ölkə Qüdsü İsrailin paytaxtı olaraq tanıyıb və səfirliklərini bu şəhərə köçürəcəklər. Fələstinlilər radikallıq etməkdənsə bu reallığı qəbul edərək, sülh yolunda fəaliyyət göstərsələr daha yaxşı iş görmüş olarlar”.
Göründüyü kimi, Amerikanın gücünü arxasında tam hiss edən İsrail İslam ölkələrinin qəbul etdiyi qətnaməyə bu cür mövqe sərgiləyir. Siyasi ekspertlər zirvə toplantısının Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra yaranan gərginliyin aradan qaldırılmasında mühüm rol oynayacağını düşünürlər. Xüsusilə Amerikanın Təl-Əvivdən səfirliyini bu şəhərə köçürmək qərarından danışa biləcəyi vurğulanır. Buna səbəb olacaq arqument kimi də, xristian dünyasının, xüsusilə ABŞ-ın müsəlman aləmini qarşısına almayacağı önə çəkilir. Bunlar olarsa, Amerika və İsraillə İslam ölkələri arasında qarşıdurmanın yaranacağı istisna edilmir. Şərqi Qüdsün bundan sonrakı taleyi ilə bağlı fikirlər də birmənalı deyil.
Azərbaycanın bu məsələdəki mövqeyi, xüsusən ölkə başçısı İlham Əliyevin İƏT-in zirvə toplantısındakı çıxışı tam dəstəklənməklə yanaşı, rəsmi Bakının digər müsəlman dövlətlərdən fərqli olaraq, Qüds problemində manevr etmək imkanları yüksək dəyərləndirilir. Əsas səbəb kimi də, İsrail və Fələstinin ölkəmizdə səfirliklərinin olmasına baxmayaraq, Azərbaycanın hər iki ölkədə səfirliyinin olmaması göstərilir.
Deputat, politoloq Elman Nəsirov yaranan gərginliyin olduqca ciddi təhlükələr yarada biləcəyini düşünür: “Bununla bağlı artıq Ərəb Dövlətləri Liqasının təcili toplantısı keçirilib. Eyni zamanda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının təcili toplantısı keçirildi. Hər iki tədbirin əsas nəticəsi o oldu ki, bu qərarın yanlış olduğu barədə mövqe ortaya qoyuldu. Bu hadisə İsrail-Fələstin arasındakı münaqişəni daha da alovlandıracaq. Yaxın Şərq sözün həqiqi mənasında barıt çəlləyinə çevrilə bilər. Nəticədə bu region fəlakətli vəziyyətə düşər. Bu baxımdan Şərqi Qüdsün İstanbulda Fələstinin paytaxtı elan olunması tam doğru qərar idi. Bu məsələlərlə bağlı cənab prezident İlham Əliyevin mövqeyini bir daha eşitdik. Azərbaycan hər zaman islam həmrəyliyinə böyük töhfələr verən bir dövlətdir. Məhz cənab prezidentin təşəbbüsü ilə 2017-ci il ölkəmizdə İslam Həmrəyliyi ilə kimi qeyd olunub. Eyni zamanda ölkəmizdə İslam Həmrəyliyi Oyunları da keçirildi. Azərbaycanın paytaxtında Fələstin dövlətinin səfirliyi fəaliyyət göstərir, eyni zamanda İsrailin də. Yəni Azərbaycan bu iki dövlət arasında münaqişənin həllinin beynəlxalq hüquq normalarına söykənməsini istəyir. Qüdsün İsrailin paytaxtı kimi elan olunmasının Azərbaycan birmənalı əleyhindədir.
Toplantıda bu mövqeyi cənab prezident bir daha iştirakçıların diqqətinə çatdırdı. Amerika bu qərarı verərkən 1995-ci ildə Konqresin qəbul etdiyi məlum qətnaməsinə istinad edirlər. O zaman hər iki palata belə bir qərar qəbul etmişdi. Amma keçən 22 il ərzində heç bir ABŞ prezidenti bu qərarı icra etmədi. O zaman qətnaməyə bir əlavə də var idi. Həmin əlavədə qeyd olunurdu ki, hər bir ABŞ prezidenti seçildiyi gündən 6 ay müddətində bu qətnaməni dəyərləndirə bilər. İndiyə kimi də bu qanun qüvvəsindədir. Trampın da belə bir addım atmasına əsas səbəblərdən biri ətrafında güclü, xarici siyasətdən başı çıxan komandasının olmamasıdır.
Dövlət Departamentinin xeyli yerləri bu gün də vakantdır. Xüsusilə Yaxın Şərqdəki münasibətlərin tənzimlənməsi prosesinin Tramp tərəfindən kürəkəninə tapşırılması da bu məsələdə şübhəli məqamlardan biridir. Çünki Trampın kürəkəni belə məsələlərdə savadlı, bilgili bir mütəxəssis hesab edilmir. Bundan əlavə, Trampın yanında Yaxın Şərqdəki münasibətlərin tənzimlənməsi üzrə daha üç mütəxəssis var ki, bu şəxslər də hüquqşünas və biznesmen kimi daha çox tanınırlar. Eyni zamanda Trampın şirkətində rəhbər şəxslər kimi tanınıblar. Belə bir şəxslərin qəliz münaqişənin həlli ilə bağlı Trampa verdikləri təklif və tövsiyələrin bu günləri nəticələrini görürük. Düşünürəm ki, bu qərar Amerikaya deyil, Trampa lazım idi, eyni zamanda İsrailə deyil, Netanyahuya lazım idi. Çünki hər iki şəxs oxşar problemlər yaşayırlar, impiçment təhlükələri ilə üz-üzə qalıblar”.
Politoloq Şərqi Qüdsün taleyinin necə olacağından da söz açdı: “Hesab edirəm ki, indiki halda münaqişə daha çox uzanacaq. Bunun yeganə çıxış yolu Trampın verdiyi qərardan geri çəkilməsidir. Müsəlman ölkələri Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, Tramp da Qüdsü İsrailin paytaxtı kimi tanıyır, heç bir tərəf də bir-birini qəbul etmir. Sözün həqiqi mənasında çox ciddi təhlükə ilə dünya üz-üzə qalıb. Yaxın Şərqdəki barıt çəlləyi hər an partlaya bilər. Qarşıdurma Amerika və İsraillə müsəlman dünyası arasında gözlənilir”.
Deputat Azərbaycanın manevr imkanlarından söz açdı: “Azərbaycanın imkanları yüksək qiymətləndirilir. İsrail çox yaxşı anlayır ki, Azərbaycanın bu mövqeyi heç bir təsir, təzyiq altında baş vermir, burada İslam Əməkdaşlıq Təşkilatının təsiri görünmür. Bu dövlətimizin müstəqil mövqeyidir ki, bu da yalnız beynəlxalq hüquqa söykənir. Əgər BMT-nin bu münaqişəni ilə bağlı qəbul etdiyi məlum qətnamələrdə Şərqi Qüds İsrailə aid göstərilsəydi, bu gün Azərbaycan buna uyğun mövqe sərgiləyəcəkdi. Amma heç bir sənəddə Qüdsün İsrailin paytaxtı olması göstərilməyib. Yalnız ABŞ Konqresində güclü yəhudi lobbisinin təsiri ilə 1995-ci il noyabrın 8-də bir sənədi Konqresdən keçirə biliblər. Azərbaycanın bugünkü mövqeyi həm Amerikada, həm də İsraildə anlaşılan bir mövqedir. Azərbaycanın İsrail və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri var. Bu baxımdan Azərbaycanın Fələstinin mövqeyini müdafiə etməsi heç bir halda İsrailin əleyhinə deyil. Eyni zamanda Azərbaycanın İsraillə əlaqələrini genişləndirmək xətti Fələstinin əleyhinə deyil. Azərbaycan, əksinə, hər iki tərəflə yaxın münasibətləri baxımından tərəflər arasındakı münaqişənin həllinə töhfə verə bilər. Yaxın tarixdə belə bir nümunəyə rast gəlmişik. Azərbaycan və Qazaxıstan prezidentləri birgə səyləri ilə Rusiya-Türkiyə münasibətlərinin bərpasında mühüm addımlar atdılar. Beynəlxalq aləmdə də ölkəmizin mövqeyi anlaşılır”.