Trampın Qüds qərarı İsraillə əlaqələrimizə xələl gətirə bilərmi?

Əhəd Məmmədli: “Qarabağa görə Ermənistanla diplomatik əlaqə qurmayan üç müsəlman ölkəsi var - Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı. Bu siyahıda İsrail yoxdur”
Dekabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Verilən rəsmi açıqlamaya görə, Türkiyə prezidenti azərbaycanlı həmkarını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.
Dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Eyni zamanda onlar Türkiyə və Azərbaycanın İslam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.
Prezidentlərin telefon danışığından bir gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi də ABŞ prezidentinin Qüdslə bağlı qərarına münasibət açıqlamışdı. Açıqlamada bildirilir ki, Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir: “Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır. Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”.
Bəs, Trampın Qüdslə bağlı məlum qərarına rəsmi Bakının münasibəti - qərarı dəstəkləməməyimiz İsrail-Azərbaycan münasibətlərinə xələl gətirə bilər?
Politoloq Əhəd Məmmədli öncə Azərbaycanın İslam dünyasının bir parçası olduğunui xatırlatdı: “Azərbaycanın bəzi müsəlman ölkələri ilə İsraildən daha çox sıx əlaqələri var. Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik əlaqə qurmayan üç müsəlman ölkəsi var: Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı. Bu siyahıda İsrail yoxdur. Yəhudi dövləti Azərbaycana görə, xristian Ermənistanla münasibətlərini pozmursa, müsəlman Azərbaycan niyə yəhudi dövlətinə görə müsəlman Fələstinlə münasibətlərini pozmalıdır. Bu münaqişədə hər kəs özünə lazım olan tərəfin yanındadır, Azərbaycan da özünə lazım olan tərəf İslam dünyasının yanında oldu. Başqa cür ola da bilməzdi. Üstəlik, dini qoyaq bir tərəfə, bu məsələyə hüquqi aspekt və Azərbaycan milli maraqları çərçivəsindən baxaq. BMT-nin Fələstin məsələsi ilə bağlı qətnamələri var. O torpaqlarda yəhudi dövləti ilə bərabər ərəb dövləti də qurulmalıdır. Yarım əsrdən çox vaxt keçməyinə baxmayaraq ərəb dövləti qurulmayıb. BMT-nin qətnaməsi var. Orada vurğulanır ki, Qüds iki yerə bölünüb qərb hissəsi İsrailin şərq hissəsi isə Fələstinin paytaxtı elan edilməlidir. Yarım əsrdir buna da məhəl qoyan yoxdur. 24 ildən artıqdır Dağlıq Qarabağ məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi qoyulur. 24 ildən çoxdur ki, bu qətnamələrə də fikir verən yoxdur. ABŞ və İsrail indiyə qədər bu qətnamələrin ermənilər tərəfindən yerinə yetirilməsinin vacibliyi məsələsini qaldırıblar?! Əgər bu gün ABŞ BMT-yə, beynəlxalq hüquqa tüpürüb ancaq gücə güvənərək Qüdsü tək yəhudi dövlətinin bir hissəsi elan edirsə. sabah eynən Rusiya ilə Ermənistan BMT-yə, beynəlxalq hüquqa tüpürüb ancaq gücə güvənərək Qarabağı Ermənistanın bir hissəsi elan edə bilərlər. Yəni ABŞ və İsrail bu addımları ilə Ermənistana bir presedent yaradır. Bütün bunlara görə də Azərbaycan milli maraqları nəyi tələb edirsə haqlı olaraq onu da edir. Bunun İsraillə münasibətlərimizə zərbə olacağını isə düşünmürəm. Əvvəla, Azərbaycanla münasibətlər, əlaqələr İsrailə də lazımdır. İsrail Azərbaycanla əlaqələrdən heç də az xeyir götürmür. İsrail bundan imtina edəsi deyil. İkincisi, Azərbaycan dünyada yeganə yerdir ki, yəhudilər həmişə burda əmin-amanlıq içində yaşayıb və yaşayır. Heç İsrailin özündə yəhudilər burdakı qədər rahat, təhlükəsiz yaşamırlar. Buna görə də düşünmürəm ki, İsrail Azərbaycanla münasibətlərini korlasın”.