Aİ Azərbaycanla Ermənistanı parlament platformasında birləşdirmək istəyir

Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndə Azərbaycanda
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Tojvo Klaarın dünən Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində T.Klaar Azərbaycan rəhbərliyi ilə görüşlər keçirir. Dünən Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Tiflisdə isə dünəndən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransı başlayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov konfransda bildirib ki, Avropa strukturları daxilində problemlər və böhran xarakterli tendensiyalar müşahidə olunur.
S.Seyidov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına diqqətin azaldığını da deyib:“Bu diqqətin artırılması istiqamətində müxtəlif təşəbbüslər irəli sürülür. Müxtəlif ideyalar var və onların ətrafında fikir mübadiləsi aparılıb. Bu nöqteyi-nəzərdən Azərbaycanın seçdiyi və təklif etdiyi mövqe ən düzgünüdür. Bu mövqe isə ondan ibarətdir ki, beynəlxalq qanun çərçivəsində Avropa və dünyada artıq qəbul olunmuş müddəaları müdafiə etmək lazımdır. Onların arasında isə ən əsası ərazi bütövlüyü və dövlətlərin müqəddəratının tanınması və bu istiqamətdə xüsusi işlərin aparılmasıdır”.
Gürcüstan parlamentinin Avrointeqrasiya üzrə komitəsinin sədri Tamar Xulordava isə keçirdiyi brifinqdə bildirib ki, “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Avropa İttifaqı ilə gələcəkdə əməkdaşlıq üzrə planları var: “Biz görürük ki, Avropa İttifaqı daxili məsələlərə daha çox diqqət ayırır. Bu vəziyyətdə proqrama üzv ölkələrin yeni parlament platforması yaradaraq Avropa İttifaqı ilə ümumi gələcəklə bağlı müzakirələr aparması vacibdir”.
Gürcüstan rəsmisinin irəli sürdüyü təklif ortaya bir sıra suallar çıxarıb. Ermənistanın Azərbaycana məlum münasibəti, işğal faktoru birgə parlament platformasında Azərbaycanın iştirakını əngəlləyirmi? Biz Ermənistanla parlament platformasında birgə ola bilərikmi?
Avropa İttifaqı üzrə siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, “Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti”nin bir hissəsi kimi, birliyin Şərq qonşuları ilə münasibətlərinin yaxşılaşdırılması, standartların yaxınlaşdırılması, strateji tərəfdaşlıq münasibətlərinin qurulması və möhkəmləndirilməsi, həmçinin iqtisadi və siyasi münasibətlərin dərinləşməsi üçün həyata keçirdiyi proqramdır.
“Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin yeni parlament platformasının yaranması ideyasının qəbul edilməsinə bir sıra əngəllər var. Ona görə də bu məsələdə çox ciddi müzakirələrdən sonra düşünülmüş qərar qəbul edilməlidir: “Avropa Qonşuluq Siyasətinin Şərq Tərəfdaşlığı proqramı ölkələri parlament formatı olan Avronest Parlament Assambleyası 2011- ci ildə təsis edilib və Avropa İttifaqının ”Şərq Tərəfdaşlığı" proqramının ölkələrinin parlamentariləri demokratiya, insan haqları və qanunun aliliyi mövzusu ətrafında dayanıqlı inkişaf məqsədlərinə xidmət çərçivəsində fəaliyyətləri mövcuddur. Həmçinin Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının ölkələrinin Regional və Yerli Hakimiyyətləri Konfransının Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətləri Konfransı formatı çərçivəsində regional və yerli hakimiyyət nümayəndələrinin fəaliyyəti mövcuddur. Səmərəlilik dərəcəsinə toxunmadan qeyd edim ki, bu formatların hər ikisində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin hamısının parlamentariləri, regional və yerli hakimiyyət nümayəndələrinin fəaliyyəti mövcuddur. Əslində Gürcüstandan irəli sürülən ideyaya nisbətən yaxın formatlar mövcuddur. O üzdən “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin yeni parlament platformasının yaradılması haqqında irəli sürülən təkliflər, “Şərq Tərəfdaşlığı” proqramının məqsəd və missiyasından irəli gələn məqsədəuyğunluğu, səmərəliliyi haqqında gizli-aşkar məqamlar və maraqlar diqqətlə analiz olunmalı, ardınca dəyərləndirilməlidir".