Azərbaycan üçün kritik həftə - bu həftə Avropada ermənilərlə toqquşa bilərik

3 gün sonra başlayacaq Avropa Birliyinin sammitindən gözləntilər ekspert şərhində
Avropa Parlamenti Avropa Birliyinin (AB) noyabrın 24-də başlanacaq Brüssel sammitinin yekun bəyannamə layihəsinə ermənilərin xeyrinə olan öz müqəddəratını təyinetmə prinsipinin daxil edilməsini tövsiyə edib. Avropa Parlamentinin bu addımı Avropa Birliyi ilə Azərbaycan arasında Azərbaycanla aparılan prosesə nə vəd edə bilər? Brüssel sammitində Azərbaycanla Ermənistanın toqquşması da yaşana bilərmi?
Avropa Birliyi üzrə ekspert Yeganə Hacıyeva bildirdi ki, sənəd tövsiyə xarakterlidir. Məhz noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa Birliyinin sammitinin qəbul ediləcək yekunun sənədi, yəni ana qətnaməsi isə Avropa Birliyinin və üzv dövlətlərin bir mənalı “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsini nəzərdə tutur: “Qətnamədə konkret olaraq ”Şərq Tərəfdaşlığı" Proqramı iştirakçıları olan Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın ərazi bütövlüyünü, həmçinin Avropa Birliyinin üzvü olan İspaniyanın ərazi bütövlüyü tanınır. Xüsusi bəndlə İspaniya və onun subyekti və referendum keçirərək öz müstəqilliyini elan etmiş Kataloniya böhranın həllinin mühümlüyü və bu böhranın birmənalı İspaniyanın ərazi bütövlüyü çərçivəsində həlli yolları tövsiyə olunub.
Bununla bərabər Avropa Parlamentinin tövsiyə xarakterli qətnaməsində xalqların müqəddəratını təyinetmə prinsipinin mövcudluğu haqqında bir qeydi, bu qeydin daha öncəki bəndlə, yəni dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi prinsipi ilə uyğun gəlməməsi haqda bir uyğunsuzluq mövcuddur.
İkinci qeyd etmək istədiyim məqam isə xalqların öz müqəddəratının həlli, bunun beynəlxalq hüquqda təfsilatı və işğalçı, separatçı tərəflərin bu mövzu ətrafında spekulyasiyası haqqındadır. Məsələn, sırf Dağlıq Qarabağ konflikti barəsində danışsaq, həmsədr ölkələri rəhbərlərinin bu günə qədər səslənmiş bəyanatların məzmununda və konfliktin həllində yenilənmiş Madrid prinsiplərində ana xətti beynəlxalq hüquqa söykənən Azərbaycanın ərazi bütövlüyü prinsipi tutur. Azərbaycanın da daxil, ATƏT-in Minsk Qrupuna üzv dövlətlərin başçıları və ümumiyyətlə, bu konfliktin həllində iştirakçı və ya müşahidəçi olan istənilən beynəlxalq tərəfin “Millətlərin müqəddəratının həlli” anlayışı və təsəvvürü Ermənistanın bu mövzudakı təsəvvüründən tam fərqlidir, beynəlxalq hüquqa söykənir. Əgər birincilər konfliktin həllində Dağlıq Qarabağın erməni əhalisinin beynəlxalq hüquqa əsaslanan Azərbaycan dövlətinin daxilində yüksək statuslu muxtariyyətini nəzərdə tutursa, erməni tərəfi bunu Dağlıq Qarabağın erməni əhalisinin müstəqilliyi kimi görməyə və göstərməyə cəhd edir. Əslində isə bunlar tam fərqli anlayışlardır və Avropa Birliyi üçün Kataloniya presedentindən xüsusi qeyd edilən məqamdır".
Ekspertin fikrincə, bəyanat layihəsinə Avropa Parlamentinin sözügedən tövsiyəsi qəbul edilərsə, Azərbaycanda əlbəttə Avropa Birliyi ilə gələcək əməkdaşlıqlarla, sazişlə bağlı suallar və narahatlıqlar doğurar: “Məsələ ondadır ki, beynəlxalq təşkilatlar, onların sənəd və qətnamələri proseslərdə baza rolunu oynayır və deməli, müxtəlif maraqları təmsil edən qrupların bu sənədlər üzərindən öz aşkar və ya gizli siyasətlərini həyata keçirməyə imkanlar yaradır. Şəxsən mən Avropa Birliyinin Brüssel sammitinin yekun sənədində Avropa Parlamentinin xalqların müqəddəratının təyini tövsiyəsinin əksini tapacağına şübhə edirəm. Belə ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı üzv ölkələrinin əksəriyyətində terrorla müşayiət olunan etnik konfliktlər mövcuddur. Qətnamədə bu bəndin qəbulu bir başa üzv ölkələrin maraqlarının əksinədir və uzunmüddətli hesabda Şərq Tərəfdaşlığı ideyasının mövcudluğunu, gələcəyini şübhə altına alacaq”.
Y.Hacıyeva Brüssel sammitində Azərbaycanla Ermənistanın toqquşmasının yaşanacağının istisna olunmadığını dedi:“Xalqların öz müqəddəratını həlli bəndi üzündən deyil, ümumilikdə toqquşmaların mümkünlüyünü istisna etmirəm. Bu daha öncələr də baş verib. Ermənistan və Azərbaycanla münasibətdə işğalçı dövlət kimi təmas xətlərində mülki əhaliyə qarşı, xüsusi ilə qadınlara və uşaqlara qarşı aşkar təcavüzkar siyasət yürüdür. Azərbaycan bu sammitdə Avropa Birliyinin çərçivə sənədini imzalamağa niyyəti olan Ermənistanın bu təcavüzkar siyasəti haqqında mütləq danışacaq. Bilirik ki noyabrın 24-də Brüsseldə Avropa Birliyi sammitində Ermənistanla çərçivə sazişinin imzalanması haqqında danışıqlar və uğurlu olacağı halda sazişin imzalanması nəzərdə tutulur. Avropa Birliyi Ermənistana gələcək əməkdaşlıq çərçivəsində müəyyən məbləğdə maliyyə yardımı ayırmış və bu il də bu məbləğin daha da artırılmasını nəzərdə tutur. Ermənistan prezidenti Sərkisyanın məhz keçən həftə Moskvaya səfəri və Prezidenti Putinlə danışıqlarının ana xəttini də məhz bu sazişin imzalanmasına razılığın alınması təşkil edirdi. Sərkisyan Moskvada Avropa Birliyinin bu ölkəyə maliyyə yardımlarının önəmi haqqında və ölkəsinin Avrasiya İttifaqına sədaqəti ilə yanaşı Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında iştirak istəyini bildirmişdi”.
Qeyd edək ki, Avropa Birliyinin sammitinə Azərbaycan prezidenti İlham Əliyev də dəvətlidir. Prezident İlham Əliyevin Avropa Birliyinin baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcəyi açıqlanıb. Səfər zamanı əməkdaşlıq sazişi ilə bağlı önəmli yeniliklərin ola biləcəyi güman edilir. Ancaq Azərbaycanın bəzi rəsmiləri də deyib ki, sazişin bu il imzalanacağı gözlənilmir.
Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir. “Şərq Tərəfdaşlığı” Avropa Birliyinin 6 qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər. 2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir. Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.