Ekspertdən Kremlin 5 rayon üçün 3 şərtinə ilginc şərh: “Tələdir...”

Natiq Miri: “Onları qəbul eləsək də, problem həll edilməyəcək”
Xəbər verdiyimiz kimi, politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ ətrafındakı rayonlardan beşinin qaytarılması üçün üç şərtinin olduğu barədə sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda bildirilir ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunması qarşılığında Azərbaycan qarşısında 3 şərtin qoyulduğu bildirilir.
Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Elxan Şahinoğlu bu şərtləri “çox ağır” adlandırıb.
Politoloq Natiq Miri də bu şərtlərin Azərbaycanın maraqlarına uyğun olmadığını və belə bir şərtlər varsa belə, qəbul ediləcəyi halda Dağlıq Qarabağ probleminin həll olunmayacağını düşünür. Bu barədə o, fikirlərini belə əsaslandırıb: “Öncə qeyd edim ki, Azərbaycanın qarşısında qoyulduğu deyilən bu şərtlər yeni deyil. Zaman-zaman Rusiyanın bu şərtləri qoyduğu barədə məlumatlar yayılıb, bu barədə Rusiya siyasi elitasının təmsilçiləri dolayısı ilə açıqlamalar da veriblər. Düşünmürəm ki, bu şərtlər çox yaxın zamanda Rusiya prezidenti səviyyəsində dilə gətirilib. Bu şərtlər adətən müəyyən hakimiyyət strukturları, əsasən də Xarici İşlər Nazirliyi tərəfindən təmaslarda dilə gətirilir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu üç şərt əslində bir-birini tamamlayan amillərdir. Yəni Rusiya bu şərtlərin üçünü də ona görə ard-arda qoyur ki, onlar Rusiya üçün vazkeçilməz məsələlərdir. Çünki Azərbaycanın Avrasiya İttifaqına üzv olması, lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaması bir araya sığacaq şey deyil. Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyirsə, bu, o deməkdir ki, paralel olaraq KTMT-yə də qoşmaq istəyir. Əgər Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə üzvlüyü məsələsi qoyulursa və bu kontekstdə Dağlıq Qarabağ probleminin həlli məsələsi istənilirsə, onda təbii ki, Moskvanın Azərbaycana daha bir şərti Qarabağa Rusiya qoşunlarının yerləşdirilməsidir. Çünki əgər Dağlıq Qarabağ problemi həll olunmuş olsa və Rusiya qoşunları Azərbaycan ərazisində olmasa bu, Rusiya dövlətini qane edəcək həll olmayacaq. Moskva rus qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsini ona görə istəyir ki, gələcəkdə Azərbaycan başqa bir güc mərkəzinə istiqamətlənmək istəsə və yaxud Rusiyadan kənarda müstəqil bir qərar qəbul etmək istəsə onda qaysaqlayan yaranı yenidən rus qoşunları vasitəsilə qanadacaqlar. Bu da o deməkdir ki, əgər rus qoşunu Dağlıq Qarabağda sülhməramlı adı altında olsa belə, Qarabağ faktiki olaraq Rusiyanın olacaq. Biz bunu Gürcüstanın təcrübəsində görmüşük. Ona görə də Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə üzv olması ilə Dağlıq Qarabağ probleminin ədalətli həll olunacağını gözləyiriksə, hələ çox gözləməli olacağıq”.
Ekspert mövqeyini belə əsaslandırdı ki, əvvəla, Rusiya güvəniləcək müttəfiq deyil: “Rusiya heç bir ölkə ilə dost olmayıb və bu gün də dost deyil. Çünki Rusiyanın istənilən ölkəyə münasibəti yalnız geosiyasi maraqları çərçivəsindədir. İstənilən zaman əgər Rusiyanın geosiyasi maraqları tələb edəcəksə təbii ki, o zaman Azərbaycanın maraqları gözardı ediləcək. Ona görə də heç vaxt Rusiyaya inanaraq Avrasiya İttifaqına və KTMT-yə üzv olmaq olmaz. Azərbaycan bu ittifaqlara üzv olsa belə, Dağlıq Qarabağ problemi həll olunmayacaq. İkincisi, diqqət edirsinizsə, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun deyil, 5 rayonun qaytarılmasından söhbət gedir. Bu, Azərbaycan üçün qurulmuş tələdir. Beş rayonu qaytarıb ən strateji nöqtələr olan Kəlbəcər və Laçını Azərbaycana qaytarmırlarsa deməli, Dağlıq Qarabağ ətrafındakı rayonlara nəzarət yenidən ermənilərin əlində olacaq və rayonlar onların hədəfində qalacaq. Bir məqamı da nəzərdən qaçırmamaq lazım. Laçın və Kəlbəcəri ona görə ermənilərin əlində saxlamaq istəyirlər ki, gələcəkdə Azərbaycan oyun qaydalarını pozarsa, həmin strateji nöqtələrdən bizi hədəfə alsınlar. Rusiya daha bir təsir rıçaqını öz əlində saxlamaq üçün 7 yox, 5 rayonun qaytarılması məsələsini ortaya atır.
Ən nəhayət, 5 rayonun qaytarılmasının müqabilində Ermənistanın da şərtləri var. Ermənistan Dağlıq Qarabağa hətta ilkin mərhələdə veriləcək statusu beynəlxalq səviyyədə qəbul etdirməyə çalışacaq. Müvəqqəti statusdan sonrakı mərhələ kimi isə müstəqillik statusunu qəti olaraq qoyacaqlar. Azərbaycan isə, təbii ki, bununla razılaşmayacaq. Bu zaman müharibə yenidən alovlanacaq. Həmin vaxt rus qoşunları Qarabağda yerləşmiş olanda düşəcəyimiz durumu göz önünə gətirin. Ona görə də bu məqamı da təhlil etdikdə görürük ki, 5 rayonun qaytarılması məsələsi bizə qurulmuş tələdir. Buna qətiyyən getmək olmaz".